Bakı Bulvarı BELƏ OLACAQ - Bulvar bu əraziyə qədər uzadılacaq

Paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planına əsasən Bakı Bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması nəzərdə tutulub. Ümumiyyətlə hazırda bu istiqamətdə hansı işlər görülür? Yaxın gələcəkdə Bakı Bulvarının genişləndirilməsi ilə bağlı yeniliklər gözlənilirmi?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans-a açıqlamasında bildirib ki, Bakıda Ağ Şəhərin aktiv inkişaf dövrü 2009- cu ildən etibarən başlayıb. Həmin vaxtdan isə bu günə qədər 15 il zaman keçib. Birinci mərhələ 221 hektar ərazidən ibarət idi. Lakin bu 221 hektar ərazidəki görülməli işləri Ağ Şəhər layihəsinin icraçılar tam icra etməyiblər. 2024- cü ilin axırlarında isə iki bu layihənin ikinci fazası ölkə rəhbərinə və ictimaiyyətə təqdim olunmuşdu. Bu faza isə əvvəlkindən təqribən 6-7 dəfə böyükdür.
Ekspert hesab edir ki, növbəti layihənin həyata keçirilməsi üçün görüləcək işlərin miqyası böyük olduğu üçün uzun zamana da ehtiyac olacaq. Müsahibimiz qeyd edir ki, Ağ Şəhər layihəsinin Zığ ərazisinə qədər uzadılması, həmin ərazilərdə olan köhnə infratstukturların köçürülməsi və yeniləri ilə əvəzlənməsi üçün ən azı 30 il müddətə lazımdır. Bəlkə müddət 40 il də ola bilər. Çünki hazırda ilkin mərhələdə hələ görüləcək xeyli sayda iş qalıb.
"Təxminən bir binanın layihə - smeta sənədləri, inşası və təhvil verilməsi üçün ən azı 3 ya 4 il vaxt sərf olunur. Ağ Şəhər ərazisi də ölkədə daşınmaz əmlak bazarında ən yüksək qiymətlərlə müəyyənləşdirilən yerdir. Düşünürəm ki, hazırda bu mövzuda konkert olaraq nəsə demək hələlik çox tezdir", - deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans