Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR

azerbaycanli-haker-xarici-sirketlerden-hansi-melumatlari-elde-edib-ve-ne-qeder-pul-qazanib-sok-faktlar-1744954130
|
|

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Şəmkir rayon sakini Tural Rasim oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Tural Əliyev vəkilinin suallarını cavablandırıb. Onun sözlərinə görə "Ultra Technologies" şirkətinin gizli məlumatlar bölməsinə daxil olub: "Bu zaman həmin şirkətin Azərbaycana aid olduğunu bildim. Mənim həmin şirkətin bazasına girməkdə məqsədim yoxlamaq olub. Mən ümumiyyətlə maddi gəlir əldə etməmişəm. Azərbaycanda serverlərə müdaxilənin qarşısının alınması üçün milli proqram yaratmaq istəmişəm. Bunun üçün də xaricdən olan şirkətlərin gizli məlumat bazalarına daxil olmaqla test etmişəm. Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub".

Daha sonra hakim təqsirləndirilən şəxsin ifadəsindən bir hissəni elan edib. Həmin ifadədən məlum olub ki, onun şəxsi komputerində zərərli proqramlar, gizli yazışmalar, kiber müdaxilələr, kripto cüzdanlar, fişinq hesablar, kodlar və mətnlər aşkar edilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, "Karnaval" ləqəbli şəxslə əlaqəsi olub, ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb.
Bundan başqa, təqsirləndirilən şəxs Argentinaya məxsus dəniz şirkətinin serverində olan gizli məlumatları əldə edib və 350 dollara satıb.

Təqsirləndirilən şəxsin səsləndirdiyi ifadələrdən məlum olur ki, təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-yə məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.

Bundan əlavə səslənən ifadədən məlum olub ki, Tural Əliyev müxtəlif təşkilatların kompüter sisteminə qanunsuz olaraq daxil olan zaman VPN-dən istifadə edib.

Sualları cavablandıran təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, gördüyü işlərdə qanunsuz hərəkətlər etməyib: "Bu mənim işimin bir hissəsi olub. Mən özüm İT mütəxəssisəm. İşim də bundan ibarət olub. Xarici ölkə hakerlərində zərərli vasitələrin sistemə daxil olmasının qarşısının alınması üçün proqramlar olub. Amma bizdə belə bir proqram olmayıb. Mən də bu proqramın millisini yaratmaq istəmişəm. Məqsədim də xeyirli bir iş görmək olub".

Tural Əliyev bildirib ki, "İdrak" şirkətinin rəhbəri Hikmət Abdullayev ona 80 min manat verib və deyib ki, bu işləri həyata keçirsin: "Mənim məqsədim həmin proqramları hazırlamaq və dövlətə təqdim etmək olub. Başqa bir niyyətim olmayıb. İşi göstərib, iş qazanmaq istəmişəm".

Növbəti proses mayın 1-də davam edəcək.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

Tural Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.