Müəllimlərin işi ASANLAŞIR - Növbəti tədris ilindən etibarən...

muellimlerin-isi-asanlasir-novbeti-tedris-ilinden-etibaren-1745592009
|
|

Növbəti tədris ilindən etibarən ümumitəhsil məktəblərində kağız jurnallardan təmamilə imtina edilməsi nəzərdə tutulur. Belə ki, artıq şagirdlərin qiymətləndirilməsi tam olaraq elektron formada aparılacaq. Burada hər kəsi düşündürən bir sual ortaya çıxır.


Bəs buna müəllimlərimiz nə dərəcədə hazırdır?


Təhsil eksperti Elçin Əfəndi “Referans”-a açıqlamasında bu sualı cavablandırıb.




“Kağız daşıyıcılardan təmamilə imtina olunur. Bu təkcə təhsil sahəsində deyil, təmamilə başqa sferalarda da baş verir. Dövlət başçısının müvafiq tapşırığı əsasında elektronlaşma istiqamətində işlər görülür. Dövlət nümunəli sənədlər hamısı, demək olar ki, elektronlaşır. Bu ağacların qırılmasının qarşısını alınması, ekoloji yaşıllıq istiqamətində ekologiyaya töhfə vermək məqsədi daşıyır, həm də daha asan və əlçatanlığın təmin olunması baxımından əvəzolunmazdır. Məsələn, hansısa valideyn öz övladının göstəricilərinə baxmaq istəsə, artıq məktəbə gəlməyə, direktorla görüşməyə ehtiyac qalmadan onlayn formada bunu edə biləcək. Eyni zamanda müəllimlə münasibətlərin qurulması da elektron formada daha asan formada başa gələcək. Bütün bu məsələlər valideynlərə əlçatanlıq baxımından müsbət məqam kimi dəyərləndirilə bilər”.


Ekspert vurğulayıb ki, hazırda müəllimlərin dərs zamanı qiymətləndirməni həm kağız jurnalda, həm də elektron jurnalda aparmaları əlavə vaxt itkisinə gətirib çıxarır.


“Düşünürük ki, kağız daşıyıcılardan, ümumiyyətlə, imtina edilməsi daha məqsədəuyğundur. Müəllimlərimizin buna nə dərəcədə hazır olmasının monitorinqi isə agentliklər tərəfindən aparılır. Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi, regional təhsil idarələri və s. qurumlar müntəzəm olaraq bu məsələ ilə bağlı təlimlər keçirlər, tapşırıqlar verilir. Bu səbəbdən tam formadan elektron sistemə keçidin hər hansısa axsaqlıqlar yaradacığını düşünmürəm. Çünki proses nəzarət altındadır. Biz kiberhücunlar barəsində də narahat ola bilərik. Amma bu nüansın da böyük çətinliklər yaradacığını düşünmürəm. Proseslərin hamısının elektron olması təhsilə daha çox töhfə verə bilər, obyektiv qiymətləndirməni daha rahat görmək imkanını artıra bilər”.

 

Fidan Vəlisoy