Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, yeni Konstitusiya layihəsində Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yer almamalıdır. Onun sözlərinə görə, sənədin məzmunu Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu sual altına alır.
Bu barədə məlumat Ermənistan mediasında yer alıb.
“Müstəqillik Bəyannaməsinin mətnini öyrəndikdən sonra mən əvvəllər də demişdim: bu sənəddə elə ifadələr var ki, orada əslində Ermənistanın müstəqil dövlət kimi mövcud ola bilməyəcəyindən bəhs edilir. Bu, mümkün deyil. Ona görə də hesab edirəm ki, yeni Konstitusiyada bu Bəyannaməyə istinad olmamalıdır”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, bu məsələdə son qərarı Ermənistan xalqı verəcək.
“Əlbəttə, müxtəlif siyasi qüvvələr bu məsələdə həm lehinə, həm də əleyhinə arqumentlər gətirirlər. Amma qərar xalqın olacaq”, – o bildirib.
Qeyd edək ki, Azərbaycanın sülh sazişi imzalamaq üçün tələblərindən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Çünki Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycana ərazi iddiaları əksini tapıb./globalinfo.az