Bir neçə ildən sonra bu peşələr yox olacaq: İndidən iş axtarmağa başlayın!

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Xüsusilə süni intellektin (SI) müxtəlif sahələrdə tətbiqi iş dünyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bir zamanlar yalnız insanlara məxsus hesab edilən bacarıqlar bu gün alqoritmlərlə əvəz olunur.
Bəs hazırda olan bütün peşələr gələcəkdə də aktual olacaqmı? Müəllimlikdən sürücülüyə, həkimlikdən jurnalistikaya qədər bir çox sahə süni intellektin təsiri altındadır və dəyişən əmək bazarı bu peşələrin taleyinə birbaşa təsir göstərir.
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Referans - a açıqlamasında bildirib ki, süni intellektin sürətli inkişafı və iş həyatına təsiri danılmazdır. Bəzi peşələr avtomatlaşdırılacaq, bəziləri isə tamamilə yeni formaya düşəcək. Amma vacib bir məqam var: peşələr yox olmayacaq, dəyişəcək. Tarix boyu texnoloji inqilablar (məsələn, sənaye və kompüter dövrləri) da oxşar narahatlıqlara səbəb olub, lakin nəticədə yeni bacarıqlar və ixtisaslar ortaya çıxıb.
Elvin Abbasov onu da qeyd edib ki, gələcəkdə süni intellekt təkrarlanan, strukturlaşdırılmış və qaydalara əsaslanan işləri (məsələn, bəzi mühasibat, hüquq və analitik sahələr) avtomatlaşdıra bilər. Amma yaradıcılıq, empatiya, strateji düşüncə və insan ünsiyyətinə əsaslanan sahələrdə (psixologiya, dizayn, liderlik, təhsil və s.) insan faktoru hələ uzun müddət əvəzolunmaz olacaq. Eyni zamanda, AI mühəndisliyi, məlumat elmi, etik texnologiyalar üzrə mütəxəssislər, həmçinin AI-lə işləməyi bacaran peşələr yeni dövrün ən tələb olunan sahələri olacaq.
"Bu baxımdan da əsas sual "Peşələr qalacaqmı?" yox, “Biz AI ilə necə işləyəcəyik?” sualı olmalıdır. Uğur, dəyişən peşə mənzərəsinə uyğun bacarıqların öyrənilməsində və adaptasiyada gizlidir. Bu dəyişiklik təhlükə yox, fürsət kimi qəbul edilməlidir", - deyə Elvin Abbasov əlavə edib.
Gülgəz Qədirova
Referans