Azərbaycanda uşaq hüquqları: Qanun var, bəs nəzarət necədir?

Azyaşlıların fiziki və psixoloji təhlükəsizlik hüququ qanunvericiliklə qorunsa da, bəzi hallarda ailə daxilində baş verən zorakılıq halları gizli qalır. Cəmiyyətin ən həssas təbəqəsi olan uşaqların hüquqlarının qorunması, onlara qarşı hər hansı zorakılıq və ya laqeyd münasibətin qarşısının alınması dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir.
Bəs bu istiqamətdə maarifləndirmə işləri hansı səviyyədə aparılır? Hüquqi mexanizmlər nə dərəcədə effektivdir və ictimai nəzarət necə təşkil olunur? Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı Referans - a açıqlamasında deyib ki, Azərbaycanda uşaq hüquqları sahəsində ciddi problemlər müşahidə olunmur. Ailələrdə uşaqlara münasibət əvvəlki illərlə müqayisədə daha müsbətdir. Onlara daha çox azadlıq və sərbəstlik verilir, qayğı göstərilir. Hətta bəzi hallarda bu qayğı normanı aşaraq uşaqların ərköyün böyüməsinə də səbəb olur. Zorakılıq hallarına gəldikdə isə, bu nadir rast gəlinən vəziyyətlərdir və əsasən problemli ailələrdə – psixi xəstə, narkotik və ya alkoqol asılılığı olan valideynlərin olduğu mühitdə baş verir. Amma bu hallar bütün problemli ailələr üçün ümumiləşdirilə bilməz. Belə vəziyyətlərdə cəmiyyətin rolu vacibdir. Qohumlar, qonşular və ümumilikdə ətraf mühit zorakılıq əlamətlərini müşahidə etdikdə, bu barədə aidiyyəti orqanlara məlumat verməlidirlər. Çünki dövlət qurumları ev daxilində baş verənləri hər zaman bilə bilməz.
Müsahibimiz onu da xatırladıb ki, qanunvericilikdə bu kimi hallara qarşı tədbirlər nəzərdə tutulub. Əgər zorakılıq davamlı xarakter alarsa, uşaq ailədən alınmalı və dövlət himayəsinə verilməlidir. Əvvəlcə internat məktəblərinə yerləşdirilə və ya övladlığa verilə bilər. Bu, uşağın psixoloji sağlamlığı və cəmiyyət üçün təhlükə yaratmasının qarşısını almaq baxımından ən optimal yoldur.
"Bir sözlər Azərbaycanda uşaqlara münasibət ümumilikdə müsbətdir və zorakılıq hallarının qarşısının alınması üçün həm hüquqi mexanizmlər həm də ictimai nəzarət mövcuddur", - deyə Elçin Bayramlı ifadə edib.
Gülgəz Qədirova
Referans