Söyüş, böhtan və təhqir edənlərlə bağlı VACİB MƏLUMAT....

soyus-bohtan-ve-tehqir-edenlerle-bagli-vacib-melumat-1747048222
|
|

Şərəf və ləyaqətin alçaldılması və təhqir insanlarda mənəvi sarsıntıya səbəb olur. Ümumiyyətlə bu kimi neqativ hərəkətlər, çıxışlar bəzi məqamlarda real konfliktə çevilir. Hətta dava-dalaş və ölüm halları da baş verir.


Bəzən siyasi məsələlər hər yerdə — sosial şəbəkələrdə, çayxanalarda, hətta ailə masalarında belə müzakirə olunur. Amma bu dialoqların əksəriyyəti məlumatsızlıq üzərində qurulub. Faktlara deyil, şayiələrə əsaslanan bu yanaşmalar, tez-tez siyasi şəxslərin haqsız ittihamlarla üzləşməsinə və cəmiyyətin siyasi düşüncəsinin zərbə almasına səbəb olur.


Məsələ ilə bağlı politoloq Samir Hümbətov Referans-a açıqlama verib.  Bu gün cəmiyyət əsasən iki qrupa bölünür: biri intellektual təbəqədir, digəri isə məsələlərin mahiyyətini dərindən bilmədən fikir yürütməyə çalışan, öz düşüncələrini cəmiyyətə həqiqət kimi sırıyanlardır. Təəssüf ki, bu ikinci qrupun sayı az deyil. Onlar bəzən qəsdən təxribatçı mövqe tutaraq, siyasi və ictimai məsələlər haqqında yanlış, həqiqətdən uzaq fikirlər yayırlar. Bu isə cəmiyyətdə çaşqınlıq yaradır və informasiya təhlükəsizliyinə zərbə vurur. Texnologiyanın inkişafı ilə bu proses daha da sürətlənib.


Samir Hümbətov onu da diqqətə çatıdırıb ki, insanlara qarşı əsassız ittihamlar irəli sürmək, onları qaralamaq çox asanlaşıb. Bu xüsusilə ictimai və siyasi fiqurlara qarşı qərəzli kampaniyalar şəklində özünü göstərir. Belə hallar cəmiyyətin fərdlərində məsuliyyət hissi yaratmalıdır. Hər kəs səsləndirdiyi fikrin arxasında nəyin dayandığını dərk etməlidir. Bəzən bu cəzasızlıq mühitindən qaynaqlanır. Çünki bəzi cəmiyyətlərdə yalan və təhqiredici ifadələrə görə hüquqi məsuliyyət nəzərdə tutulur. Bizdə isə bu məsələlərə daha yumşaq yanaşılır. Bu isə vulqar ifadələrdən istifadə edən, təhqir və söyüş kampaniyaları aparan bir “ordu”nun yaranmasına səbəb olub. Onlar bilmədən və ya bilərəkdən siyasi və ictimai şəxsləri hədəfə alırlar. Bu isə artıq cəmiyyətin sağlamlığına təhlükədir. Hətta xarici qüvvələrə xidmət edən, məqsədli şəkildə cəmiyyəti manipulyasiya etməyə çalışan şəxslər də mövcuddur. Məlumatsızlıq və savadsızlıq belə fəaliyyətlərə zəmin yaradır.


"Bu halların qarşısını almaq üçün sistemli islahatlara, hüquqi mexanizmlərin gücləndirilməsinə ehtiyac var. Eyni zamanda cəmiyyət özü də bu məsələlərə reaksiya göstərməlidir. İnsanların hüquqları qorunmalı, təhqir və qarayaxma kampaniyalarına qarşı sərt mövqe sərgilənməlidir. Dövlət bu istiqamətdə addımlar atır, amma bu tədbirlər daha da təkmilləşdirilməlidir. Sonda düşünürəm ki, cəmiyyətin savadlanma səviyyəsi yüksəldikcə, elmi düşüncə artdıqca, bu tip təxribatçı ünsürlər sıradan çıxacaq və daha intellektual bir cəmiyyət formalaşacaq. Bu da dövlətin, xalqın və millətin gələcək inkişafına böyük töhfə verəcək", - deyə siyasi şərhçi əlavə edib.


Gülgəz Qədirova

Referans