Uşaqların sosial şəbəkəyə girişinə qadağa QOYULA BİLƏR – XƏBƏRDARLIQ 

usaqlarin-sosial-sebekeye-girisine-qadaga-qoyula-biler-xeberdarliqnbsp-1747658659
|
|

Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyətinin tətbiq olunması ilə bağlı Avropa İttifaqına müraciət edəcək.

Adıçəkilən ölkələrin rəqəmsal siyasət üzrə nazirləri Avropa İttifaqının iyunun 6-da keçiriləcək iclasında belə bir təkliflə çıxış edəcək.

Qanun layihəsinə əsasən, məhdudiyyət qüvvəyə minəcəyi təqdirdə internetə çıxışı olan istənilən cihaz istifadəçinin həqiqi yaşını yoxlaya biləcək. Məhdudiyyətlərin yeniyetmələrə şamil ediləcəyi və bu tədbirlər çərçivəsində cihazlarda yaşın yoxlanılması üçün sistemlərin yaradılacağı gözlənilir.

Nəzərə alaq ki, Avropadakı anoloji vəziyyət Azərbaycanda da mövcuddur.

Belə bir məhdudiyyətin bizim ölkəmizdə tətbiqi nə qədər vacibdir?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Ceyhun Məmmədov deyir ki, bu məsələyə yanaşmada bir neçə məqamı diqqətə almalıyıq:

“Bəziləri düşünür ki, problemin kökü ancaq sosial mediadır. Amma mən düşünürəm ki, problemin kökü bütövlükdə bu deyil. Bunu nəzərə almalıyıq. Məsələyə kompleks yanaşma olmalıdır. Ola bilsin ki, yaş məsələsi bu problemdə müəyyən bir rol oynasın. Bu yetərli səbəbdirmi? Düşünürəm ki, yox!

Biz həm məktəblərimizdə, həm ailələrimizdə tərbiyə işini yüksək səviyyəyə qaldırmalıyıq. Bu məsələdə əsas amil tərbiyə işidir. Tərbiyə işi ən yüksək səviyyəyə qaldırılmalıdır və ona uyğun addımlar atılmalıdır. Bütün hallarda biz həm ailələrdə, həm də məktəbdə tərbiyə işini gücləndirməliyik. Buna paralel olaraq da yaşla bağlı hansısa məhdudiyyətləri nəzərdən keçirə bilərik. Amma inzibati qadağalar problemin həlli üçün yetərsiz ola bilər. Çünki səbəblər müxtəlifdir”.

Günahkar sosial şəbəkələrdirmi?

Müsahibimiz qeyd edib ki, son zamanlar hər kəs sosial medianı günahlandırır:


“Bəli, sosial medianın müəyyən neqativ rolu var. Amma bütün günahlar sosial mediada deyil. Ona görə də bu msələdə müsbət nəticə əldə etmək istəyiriksə, maarifləndirmə işini, təbliğatı gücləndirməliyik. Biz bunu etməsək, gələcəkdə bu tip problemlərimiz daha da çox olacaq. Ən pisi də odur ki, bu və digər məsələlərdə hər kəsi günahkar kimi görsək də özümüzdə nöqsan axtarmırıq. Bu da onunla bağlıdır ki, biz tərbiyə işini düzgün qurmamışıq.


İlk növbədə insan özünütərbiyədən başlamalıdır. Özünütərbiyə olan yerdə isə istənilən problemi çox asanlıqla həll etmək olur”.