DİQQƏT! Bu şəxslər 400 manat CƏRİMƏ OLUNACAQ!

Sərxoşluqla bağlı yoxlamanın aparılması çox vaxt vətəndaşla Yol Polisi arasında mübahisəyə səbəb olur. Bu məsələ ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar mövcuddur.
Nəzərə alsaq ki, sürücü sərxoşdur, bu zaman mübahisənin geniş vüsət alması gözləniləndir ki, bu da vətəndaşların cəza alma ehtimalını daha da yüksəldir.
Bəs burada vətəndaşların etirazına səbəb olan məqam nədir? Azərbaycanda sərxoşluq müayinələri necə aparılır?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Referans”-a açıqlamasında bu haqda danışıb.
“Azərbaycan qanunvericiliyinə görə, 0,03 promil artıq inzibati məsuliyyət yaradır və sərxoşluq dərəcəsi hesab olunur. Bu səbəbdən də artıq bu vəziyyətdə cərimə tətbiq oluna bilər. Situasiyadan asılı olaraq 400 manat və yaxud da sürücülük hüququnun məhdudlaşdırılması, eyni zamanda 400 manat və 5 bal cərimə tətbiq oluna bilər. Sürücülük hüququnun məhdudlaşdırılması 1-2 il müddətinə ola bilər. Bu əməl təkrar törədildikcə artıq inzibati həbs də nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, xüsusi texniki vasitələr olduğu təqdirdə sərxoşluğun müayinəsi elə yerində də aparıla bilər.
“Əgər vətəndaş yerində yoxlanılmaya etiraz edərsə, bu zaman tibb məntəqəsinə yaxınlaşaraq qan analizi vasitəsilə də yoxlanış baş tuta bilər. Bu zaman qanda spirtin miqdarı ölçülür və buna uyğun qərar verilir. Bəzi hallarda sürücü yerindəcə müayinə olunur və sərxoş olduğu ortaya çıxır lakin 5-6 saat sonra özü gedib hansısa xəstəxanada yoxlanır analiz təmiz çıxdıqda iddia edir ki, o, ayıq olub. Lakin bu, düzgün deyil. Eyni zamanda sürücü gecə spirtli içki qəbul edibsə, səhər onun qanında içki qalıq kimi göstərə bilər. Bu məsələyə artıq fərqli yanaşılmalıdır. Çünki bu o deməkdir ki, həmin içkinin qəbulundan artıq ən az 8-9 saat keçib. Yəni içki qəbulundan 1-2 saat keçməsi ilə 8-9 saat keçməsini bir tutmaq olmaz. Bu iki hal arasında fərq qoyulmalıdır. Yaxşı olar ki, bu məsələyə Milli Məclisdə baxılsın”.
Fidan Vəlisoy