Azərbaycan mənzil bazarında DƏHŞƏTLİ QİYMƏT ARTIMI: Kirayə mənzil qiymətləri də kəskin ARTACAQ?

“Daşınmaz əmlak qiymətlərinin son dörd ildə dayanmadan artması davam edir. Ən yüksək artım 2022-2023-cü illərdə oldu, bu, təxminən 15 faizdən yuxarı bir artım idi. Sonrakı illərdə isə azı 10 faizlə artım tamamlandı”.
Bu sözləri “Referans”-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
“Bu heç də yaxşı göstərici deyil. Ola bilər ki, bəzi iqtisadçılar bunu normal hesab edirlər amma fikrimcə, daşınmaz əmlak sektorunda böyük investisiyaların çökməsi digər iqtisadi proseslərə də çox ciddi zərər vurur. Məsələn, hər il ipoteka üçün dövlət büdcəsindən yarım milyarda yaxın vəsait ayrılır, 50-55 faiz bahalaşma bu vəsaitin səmərəsiz istifadə olunmasına yönəlir. Yəni vətəndaşalrın ipoteka ehtiyaclarına 500 milyard əvəzinə hökümət 250 milyard pul xərcləyə bilərdi. Bu təkcə dövlət büdcəsindən ayrılan hissədir. Özəl sektordan da eyni qaydada külli miqdarda investisiya yatırılır. Bu səbəbdən də hazırki göstərici heç də yaxşı deyil. Bunu xüsusilə vurğulamaq istəyirəm”.
Ekspert qeyd edib ki, Azərbaycanda daşınmaz əmlak bazarında kəskin qiymət artımı inşaat materiallarının bahalaşması ilə başladı. Həmçinin qiymət artımına inşaat normativlərinin sərtləşməsi də təsirsiz ötüşmədi. Tikinti şirkətləri tədricən qiymətləri yüksəltməyə başladı.
“Təxminən son 5-6 il ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti şirkətlərinə icazələr demək olar ki, verilmir deyə tikinti şirkətləri arasında rəqabət sıfıra enib. Hazırda bünövrədən başlayan layihələri barmaqla saymaq mümkün olar. Mənzil qıtlığına görə də tikinti şirkətləri qiymətləri qaldırırlar. Təkrar satış edən vətəndaşlar da fürsətdən istifadə edərək qiymətləri yüksəldərək əlavə qazanc əldə etməyə çalışırlar. İpotekaya uyğun mənzilləri satan şəxslər xüsusilə endirim etmirlər. Çünki onlar bilirlər ki, ipoteka ilə ev almaq istəyən şəxslər qısa müddət ərzində ev tapıb almalıdırlar və mənzil satan şəxslər bu nüansdan da istifadə edirlər. Vətəndaşların da ipotekaya müraciətləri çoxalıb. Ona görə ki, qiymət ildən-ilə artmaqda davam edir. Bir çox vətəndaşlar öz gəlirlərini daşınmaz əmlaka yönəldirlər. Bəzi vətəndaşlar isə yığım kapitalı buna yol vermədiyinə görə ipotekaya yönəlirlər. Beləliklə, ipotekaların bazarda aktivləşməsindən qiymət davamlı olaraq artır”.
Elnur Azadov bildirib ki, ölkənin daşınmaz əmlak bazarında qiymətlərin əlçatan olması yalnız tikinti şirkətlərinin aktivliyi ilə mümkün ola bilər. Bu da onlar üçün daha yaxşı şəraitin yaradılması və genişimkanlı icazələrin verilməsi ilə baş verə bilər
Fidan Vəlisoy