DİQQƏT! Dərmanlar apteklərdə bu qaydada SATILACAQ....

diqqet-dermanlar-apteklerde-bu-qaydada-satilacaq-1747906361
|
|

Apteklərdə reseptsiz dərman satışı mövzusu bir çox ölkədə olduğu kimi, Azərbaycanda da aktuallığını qoruyur. Müasir dövrdə insanların sağlamlığa dair ehtiyacları artmaqda və bununla paralel olaraq dərman vasitələrinə çıxış da daha geniş şəkildə təmin olunmaqdadır.


Xüsusilə apteklərdə reseptsiz dərman satışının mövcudluğu, əhali üçün həm müsbət, həm də mənfi nəticələr doğura bilər. Bir tərəfdən vətəndaşlar bəzi yüngül xəstəliklər üçün həkimə müraciət etmədən tez bir zamanda müalicəyə başlaya bilirlər. Digər tərəfdən isə reseptsiz dərman istifadəsi yanlış diaqnoz, dozanın aşılması və ciddi sağlamlıq problemləri ilə nəticələnə bilər.


Bu məsələ təkcə səhiyyə sistemi deyil, həm də hüquqi və etik baxımdan geniş müzakirəyə ehtiyac duyur. Apteklərdə reseptsiz dərman satışı qanunla nə dərəcədə doğrudur? Dərman almaq üçün elektron reseptlərin tətbiqi nə zaman baş tutacaq?


Mövzuyla bağlı Tibb Eksperti Adil Qeybulla REFERANS-ın suallarını cavablandırıb. Adil Qeybulla bildirib ki, elektron reseptlərin tətbiqi hələlik ölkəmizdə öz təsdiqini tam şəkildə tapmayıb. Bununla bağlı təşəbbüslər var və iş gedir. Səhiyyə sistem şəklində qurulmayınca elektron resept fəaliyyət göstərə bilməz. O ki, qaldı apteklərdə reseptnən dərman məsələsinə bəli, deyə bilərik ki, dünyanın hər yerində apteklərdə dərman resept əsasında və həkim təyinatı əsasında buraxılır.




Ekspert təəssüfə vurğulayıb ki, bu məsələ illərdir ki, həll olunumur.  Həmçinin ekspert onu da diqqətə çatdırıb ki, Azərbaycanda apteklər  müəyyən dərəcədə müdafiəsizdir. Yəni apteklər icbari tibbi sığortaya cəlb edilməsələr də  vergi ödəyirlər. Bu səbəbdən də apteklər məcburdurlar ki, hansısa yolla dərmanlarını satsın və kommersiya obyekti kimi fəaliyyət göstərə bilsin.


Daha sonra həmsöhbətimiz bildirib ki, aptekləri icbari tibbi sığortaya cəlb etmək lazımdır. Apteklərin rayonlar üzrə, əhali sıxlığına görə bölünməsi düzgün təmin edilməlidir.  Hər addımbaşı bir aptekin açılması düzgün deyil.


"Ümumiyyətlə apteklərdə dərman maddələrindən yalnız parasetamol, aspirin reseptsiz satıla bilər. Digər dərman preparatları xüsusilə də antibiotiklər reseptlə satılmalıdır. Evdə antibiotik iynəsi vurmaq, sistem qoşmaq bunlar dünyanın heç yerində yoxdur və qadağan edilib.  Azərbaycanda da dərman satışı məhz bu şəkildə olmalıdır", - deyə ekspert qeyd edib.



Ləman Xalıqova

Referans