Diqqət! Azərbaycanın növbəti “turizm ulduzu” hansı bölgə olacaq?

Azərbaycan turizmi - Turistləri hansı bölgələr ovsunlayır?
Son illərdə Azərbaycanda baş verən inkişaf yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır – ölkənin turizm sahəsində qazandığı uğurlar hər kəsi heyrətləndirir. İndi təkcə yerli vətəndaşlar deyil, dünyanın müxtəlif nöqtələrindən gələn turistlər də Azərbaycanın gözəlliklərinə valeh olurlar.
Bəs görəsən, bu marağın arxasında hansı səbəblər dayanır? Hansı bölgələr turist axınının episentrinə çevrilib?
“Turizm artıq Azərbaycana valyuta gətirən əsas sahələrdən birinə çevrilib” – deyə Turizm Agentlikləri Sədri, deputat Göydəniz Qəhrəmanov Referans-a müsahibəsində bildirir. Onun sözlərinə görə, həm dövlət, həm də özəl sektor bu sahənin inkişafı üçün ciddi addımlar atır.
Deputat onu da bildirib ki, Pandemiyadan sonrakı dövrdə turizm sahəsində ilbəil artım müşahidə olunur. COP29, Formula 1, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi isə ölkənin qlobal tanıdılmasına böyük təkan verir. Xüsusilə birbaşa uçuşlar olan ölkələrdən gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu isə Azərbaycanı regional turizm mərkəzinə çevirir. Çinin Azərbaycana vizasız səfər qərarı da bu prosesin sürətlənməsinə xidmət edir. Qəbələ, Şəki, Gəncə və Naftalan kimi bölgələr isə bu marağın mərkəzində dayanır. Təbiətin heyrətamiz mənzərələri, tarixi abidələr və rahat infrastruktur – bu regionları əsl turizm incisinə çevirib.
Göydəniz Qəhrəmanov onu da diqqətə çatdırıb ki, Bakı-Qəbələ və Bakı-Gəncə sürətli qatarlarının fəaliyyəti, geniş yollar, beynəlxalq hava limanları turistlərin bölgələrə rahatlıqla səfər etməsinə imkan yaradır. “Bu gün Azərbaycanda turizm təkcə istirahət deyil, həm də iqtisadi gücdür. Yeni iş yerləri, regionların canlanması və ölkəyə valyuta axını məhz bu sektor sayəsində mümkündür.
"Qeyri-neft sektoru olaraq turizmin yüksəlişi Azərbaycanın iqtisadi diversifikasiyasında da mühüm rol oynayır. Dövlət Turizm Agentliyi, sərgilərdə aktiv iştirak, otel və turizm şirkətlərinin təşəbbüsləri ilə Azərbaycanın “gizli cənnətləri” artıq dünyaya açılır", - deyə millət vəkili əlavə edib.
Maraqlıdır, görəsən Azərbaycanın növbəti “turizm ulduzu” hansı bölgə olacaq?
Gülgəz Qədirova
Referans