İlahiyyatçıdan AÇIQLAMA: Qəbirləri bəzəkli, mərmərli, lüks formada...

Azərbaycanda yas mərasimlərinə olduqca yüksək məbləğlər xərclənilir. Demək olar ki, bu mərasimlər bir şouya çevrilir. İstər mərasimin təşkil olunmasına, istərsə də qəbrin bəzədilməsinə yüklü məbləğ gedir. İmkanı az olan insanlar isə belə hadisə baş verdikdə müəyyən çətinliklər çəkirlər.
Bəs İslam dininə uyğun olaraq bu mərasimlər necə təşkil olunmalıdır? Yas mərasimlərinə yüksək məbləğlər xərcləmək, onları şouya çevirmək günahdır yoxsa bu hər kəsin öz seçimidir?
İlahiyyatçı Əkrəm Həsənov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.
“İslam dinində yas mərasimləri, ölən şəxsə ehtiramın ifadəsi olaraq, sadəlik və təvazökarlıqla keçirilməlidir. Qurani-Kərim və hədislər bu məsələdə israfdan, təmtəraqdan, dəbdəbədən çəkinməyi tövsiyə edir və əsas diqqətin ölənin ruhuna dua etmək, onun üçün savab qazanmağa yönəldilməsini buyurur. Təəssüflə qeyd edilməlidir ki, bəzi İslam ölkələrində, o cümlədən Azərbaycanda yas mərasimləri zamanla dini mahiyyətindən uzaqlaşaraq sosial-simvolik bir şouya çevrilmiş, bəzən rəqabətə çevrilərək maddi güc nümayişinə səbəb olmuşdur. Bu, xüsusilə də imkanı məhdud ailələr üçün mənəvi sıxıntı ilə yanaşı, ağır maddi zərbəyə də səbəb olur və bu hal İslamın ruhuna ziddir. Qurani-Kərimdə belə deyilir: “Ey Adəm oğulları! Hər səfər məscidə getdiyiniz zaman özünüzü gözəl geyindirin. Yeyin-için, lakin israf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz.” (əl-Əraf, 31). Bu ayədən göründüyü kimi, israfçılıq ümumilikdə haram və ya ən azı qınanılan bir davranış sayılır. Yas mərasimlərində də eyni şəkildə, sadəlik, məqsədyönlülük və dini dəyərlərə riayət vacibdir. Peyğəmbərimiz (s) buyurmuşdur: “Sadəlik imandandır” (Əbu Davud, Libas, 1). Yas mərasimlərini təmtəraqlı şəkildə keçirmək, dəbdəbəli yeməklər vermək, qəbirüstü abidələrə həddən artıq vəsait xərcləmək və ölən şəxsi bir növ “dünyəvi nümayişə” çevirmək nə İslamın əmridir, nə də məqbuldur. Peyğəmbərimiz Məhəmməd (s) öz dövründə yasla bağlı israfçılığı, hay-küyü və dəbdəbəni qadağan etmiş, mərhumun ruhuna dua oxumağı, borclarını ödəməyi və onun arxasında qoyduğu ailəsinə maddi-mənəvi dəstək olmağı tövsiyə etmişdir. Hədislərdə bildirilir ki, Abdullah ibn Cəfər Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “Qəbirləri ziyarət edin, çünki o, sizə axirəti xatırladır. Lakin qəbirləri təmtəraqlı etməyin, yazılarla, şəkillərlə bəzəməyin (İbn Macə, Cənazə, 47)".
İlahiyyatçı qeyd edib ki, qəbrin forması da olduqca mühüm məsələdir. İslam alimlərinin əksəriyyətinə görə qəbir sadə olmalı, yüksəklikdə olmamalı və xüsusilə bəzəkli, mərmərli, lüks formada tikilməməlidir.
“Buxari və Müslimdə yer alan rəvayətdə Əli ibn Əbi Talib (r) bildirir ki, Peyğəmbər (s) onu göndərdi və belə buyurdu: “Heç bir ucaldılmış qəbri görsən, onu torpaqla bərabərləşdir.” (Səhih Müslim, Cənazə, 96). Bu göstəriş sadəliyin qorunması və ölü qarşısında təvazökarlığın təbliği məqsədi daşıyır. İslamda yas mərasimi mütəvazi şəkildə, ən çox üç gün ərzində keçirilə bilər. Bu müddət ərzində yaxınlar başsağlığı verə bilər, amma xüsusi mərasimlər, böyük süfrələr, gurultulu tədbirlər təşviq olunmur. Hətta İbn Məsud (r) bildirir ki, Peyğəmbər (s) buyurmuşdur: “Kim müsibətə düçar olanda sinəsini döyər, yaxasını yırtar və cahiliyyə dövrünə xas nalə edərsə, o bizdən deyil.” (Buxari, Cənazə, 32). Bu, yas zamanı təmkinli və Allaha təslimiyyət içində olmağın əhəmiyyətini göstərir. Ən doğru və faydalı yanaşma ölən şəxsin ruhuna Quran oxutmaq, sədəqə vermək, onun adından xeyir işlər görməkdir. Bu həm dini baxımdan daha savabdır, həm də cəmiyyətin sosial təbəqələri arasında ayrıseçkilik yaratmır. Yas mərasimlərini yarışa və ya sosial statusa çevirmək, sadəcə dünyəvi baxımdan deyil, axirət baxımından da zərərlidir. Peyğəmbər (s) bir hədisində buyurur: “İnsan ölüncə üç şey onunla gedər: malı, ailəsi və əməlləri. İkisi geri qayıdar, biri qalır: malı və ailəsi geri dönər, əməlləri isə onunla qalar.” (Buxari, Riqaq, 42)”.
Əkrəm Həsənov bildirib ki, yas mərasimlərini israfçılığa çevirmək, təmtəraqla keçirmək, qəbrin bəzədilməsinə və mərasimlərə yüklü məbləğlər xərcləmək İslamın əsas prinsiplərinə ziddir.
“Bu, günah olaraq qiymətləndirilə bilər, çünki həm israf sayılır, həm də riya və özünü göstərmə niyyəti daşıyır. Quranda israfçılıqla məşğul olanların “şeytanın qardaşları” olduğu buyurulur (əl-İsra, 27). Yas mərasimi İslamın buyurduğu kimi sadə, səmimi və Allaha yönəlmiş olmalı, ölən üçün dua və savab qazandıracaq xeyirli işlərlə tamamlanmalıdır. Bu mövzu ilə bağlı bəzi müasir alimlər və tanınmış ilahiyyatçılar da bu məsələ ilə bağlı oxşar mövqe bildirirlər. Məsələn, mərhum Misirli alim Şeyx Məhəmməd Mütəvalli əş-Şə'ravi qeyd edir ki, "Yas mərasimi, əslində, dünyadan köçənin qəflət və ehtiyac içində olan ruhuna dua və rəhmət vasitəsidir, onu sosial şouya çevirmək nə İslamdır, nə də ağıl işidir." Onun fikrincə, bu cür mərasimlərdə Allahın rizası unudularsa, bu artıq dini deyil, mədəni bir problemə çevrilmiş olur. Türkiyənin tanınmış din alimi Məhəmməd Emin Saraç da yas mərasimlərinə israf xərcləmənin şəriətdə yerinin olmadığını bildirərək deyirdi: "Yas, bir təvazökarlıq dərsidir, bir təfəkkür məqamıdır. Onu süfrəyə, dekorasiyaya, yarışa çevirmək, ölümü unutmaqdır". Azərbaycanda da bu məsələ ilə bağlı bir sıra tanınmış ilahiyyatçılar öz narahatlıqlarını ifadə ediblər. Məsələn, ilahiyyatçı Elşad Miri bir çıxışında deyib: “Yas mərasimləri üçün çəkilən xərclər, xüsusilə, 3, 7, 40 və il mərasimlərindəki israf, heç bir İslam qaydası ilə əsaslandırıla bilməz. Bu, sadəcə insanların bir-birinə ‘nəfəs göstərmək’ ehtirasıdır.” O əlavə edir ki, "Qurani-Kərimdə və Sünnədə nə 7, nə 40, nə də il mərasimi anlayışı yoxdur. Bunlar İslamın mahiyyətinə əlavə olunmuş folklorik adətlərdir. Mən də illərdir ilahiyatçı alim kimi bu sahədə yazdığım yazılarda bildirmişəm ki, yas mərasimləri dini yükdən çox sosial yükə çevrilib və bu da İslamın əsas qayələrinə – sadəlik, təvazö və ixlasa ziddir. Xalqın maarifləndirilməsi üçün bu məsələnin ictimai müzakirəsi, məscid imamlarının bu barədə çıxışlar etməsi və medianın da maarifləndirici işlərə dəstək verməsi vacibdir".
Həm klassik, həm müasir, həm də yerli dini düşüncə adamlarının fikirləri göstərir ki, yas mərasimlərini sadələşdirmək, onların mahiyyətini dərk edib forma ilə deyil, məzmunla məşğul olmaq, həm dini, həm də cəmiyyətin rifahı baxımından əhəmiyyətlidir. Bu istiqamətdə atılan hər addım həm ölü üçün xeyir, həm də dirilər üçün ibrət olar.
Fidan Vəlisoy