SON DƏQİQƏ! Mobil operatorlara bağlı VACİB XƏBƏR

Azərbaycanda mobil operator bazarında rəqabət azlığı narahatlıq doğurur: Bahalı xidmətlər və yeni qaydalara etirazlar gündəmdə
2025-ci il iyulun 1-dən etibarən mobil rabitə operatoru “Azercell” fakturasız nömrələr üçün yeni aktiv qalma müddəti qaydaları tətbiq edəcəyini açıqlayıb. Bu qərar ictimaiyyət arasında ciddi narazılığa səbəb olub və sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi yeni şərtləri ədalətsiz hesab edərək, operatorla müqaviləyə son verməyə başladıqlarını bildirirlər.
Mövzu ilə bağlı Referans-a açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov vəziyyəti, ölkədə mobil rabitə sahəsində real rəqabətin olmaması ilə əlaqələndirir. Onun sözlərinə görə, hazırda Azərbaycanda bir neçə mobil operator fəaliyyət göstərsə də, onların sayı bazarda sağlam rəqabət mühiti yaratmaq üçün kifayət etmir: “Bu elə bir geniş xidmət sahəsidir ki, bazara bu xidmətləri 2-3 operator deyil, ən azından 10-15 operator təqdim etməlidir. Bu olmadıqda bazarda normal rəqabət mühiti formalaşa bilmir. Əgər Azercell bu addımı atarkən arxayındırsa ki, onu əvəzləyəcək alternativ yoxdur, deməli bu sahədə monopolist yanaşma hökm sürür”, – deyə o bildirib. Bahalı tariflər region ölkələri ilə müqayisədə də ciddi fərqlənir.
Fikrət Yusifov keçən il apardığı müqayisəli araşdırmaya istinad edərək, Azərbaycandakı mobil və ev internet xidmətlərinin qiymətlərinin Rusiya ilə müqayisədə xeyli baha olduğunu vurğulayıb. Onun təqdim etdiyi rəqəmlərə əsasən: Rusiyada fəaliyyət göstərən “Bilayn” şirkəti istifadəçilərə aylıq 50 GB internet və 1200 dəqiqə danışıq imkanı təqdim edən paketi təxminən 4 manat 93 qəpiyə təklif etdiyi halda, “Azercell” bu həcmdən az – 30 GB internet və 700 dəqiqə danışıq üçün 39 manat tələb edir. Bu, “Bilayn”ın təklifindən 13,2 dəfə bahadır. Eyni zamanda, “Bilayn” ev interneti xidmətini saniyədə 500 mbit/s sürətlə və aylıq 2 manat 89 qəpik qiymətinə təklif etdiyi halda, Azərbaycanda “Baktelekom” bu cür xidməti istifadəçilərə 25 manata təqdim edir – bu da 8,7 dəfə baha deməkdir.
Həll yolları və təkliflər barədə ekspertlər hesab edir ki, bu bahalığın və keyfiyyət çatışmazlığının əsas səbəbi ölkədə Rəqabət Məcəlləsinin işləməməsi, bazarın monopolist qurumların nəzarətində qalması və alternativ mobil operatorların məhdudluğudur. Mövcud problemlərin aradan qaldırılması üçün aşağıdakı addımların atılması vacib hesab olunur.
Müsahibimiz bildirib ki, yeni mobil operatorların yaradılmasına şərait yaradılmalı, bazara daxil olmaq istəyən şirkətlər üçün qanunverici və texniki maneələr aradan qaldırılmalıdır. Rəqabət Məcəlləsinin tətbiqi təmin edilməli, qiymət tənzimləməsi və istehlakçı hüquqlarının qorunması sahəsində müvafiq nəzarət gücləndirilməlidir. Xarici investorlara açıq şərait yaradılmalı, texnologiya və xidmət keyfiyyətinə dair beynəlxalq standartlara uyğun operatorların ölkəyə cəlb olunması təşviq edilməlidir. İnfrastrukturun icarəsi və paylaşımı sahəsində şəffaf və bərabər imkanlar təmin edilməlidir ki, yeni operatorlar da bazarda yer tuta bilsin.
"Nəticə etibarilə, istifadəçilərin narazılığı təkcə bir operatorun qərarına qarşı deyil, bütövlükdə ölkədə rəqabətsiz və bahalı xidmətlərin yaratdığı sistematik problemlərə qarşı yönəlib. Rəqabətli və şəffaf bazar mühiti olmadan nə keyfiyyət artır, nə də qiymətlər real bazar şərtlərinə uyğunlaşır. Bu səbəbdən, məsələ yalnız tənqid deyil, konkret islahat tələb edən strateji bir çağırışdır", - deyə sabiq nazir qeyd edib.
Gülgəz Qədirova
Referans