Taksi sürücülərinə XƏBƏR VAR: Bu zolaqlardan üç dəqiqə ərzində İSTİFADƏ EDƏ BİLƏCƏKSİNİZ

"Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "dropoff" məntəqəsi - mindirib-düşürmə yeri yaradılıb. Sözügedən hissədə yerləşdirilmiş plakatda sərnişin mindirib-düşürmə əməliyyatı üçün maksimum 3 dəqiqə icazə verildiyi əks olunub.
Bu təşəbbüs, yəqin ki, uzun müddətdir müzakirələrə səbəb olan taksilərin yol qırağında dayana bilməməsi məsələsinin həlli yolunda atılmış bir addımdır.
Belə yerlərin paytaxtın başqa ərazilərində də təşkil olunması gözlənilirmi? Nəzərdə tutulmuş ərazilərdən düzgün istifadə etməyənləri hansı cəzalar gözləyir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Referans”-a verilən açıqlamada bildirilib ki, məntəqə "Gənclik Mall"un ikinci girişində, Xoyski və Olimpiya küçələrinin kəsişməsində yerləşir.
Həmçinin, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək, yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.
Əlavə olaraq qurumdan verilən məlumatda qeyd olunub ki, bu, Fətəli xan Xoyski küçəsində həyata keçirilən layihənin bir hissəsi idi. Hazırda layihənin davamı ilə bağlı dəqiq məlumat yoxdur. Hər hansı bir yeni məlumat olarsa, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Fidan Vəlisoy