Ekspertlər xəbərdarlıq edir: “Dörd il sonra iş tapa bilməyəcəksiniz!”

ekspertler-xeberdarliq-edir-dord-il-sonra-is-tapa-bilmeyeceksiniz-1749568142
|
|

  İxtisas seçimi mərhələsi yaxınlaşır. Abituriyentlər üçün ən vacib qərarlardan biri olan peşə seçimində tələbatın yüksək olduğu və azaldığı sahələr diqqət mərkəzindədir. Mütəxəssislər hazırda texnologiya, mühəndislik, süni intellekt və informasiya təhlükəsizliyi kimi sahələrin əmək bazarında daha çox tələb olunduğunu bildirir. Eyni zamanda, bəzi ənənəvi ixtisaslara marağın azalması müşahidə olunur. Digər tərəfdən, ixtisas seçimi prosesində saxta “karyera məsləhətçilərinin” sayı artmaqda davam edir ki, bu da gəncləri yanlış istiqamətləndirərək gələcəkdə problemlərlə üzləşmələrinə səbəb olur.

Bu problemlərin qarşısını almaq üçün hansı ciddi tədbirlər görülür? Ölkəmizdə tələbat artan yaxud da sıradan çıxmaq üzrə olan ixtisaslar hansılardır?

Referans bildirir ki, Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva bildirib ki, ixtisas seçimi gənclərin həyatında ən vacib qərarlardan biridir:

“Bu qərarın düzgün verilməsi gələcək peşə fəaliyyətinə, şəxsi həyat keyfiyyətinə, məmnuniyyətə və maddi rifaha birbaşa təsir göstərir. Hazırda əmək bazarının dinamikası sürətlə dəyişdiyindən bəzi ixtisaslara olan tələbat artır, bəzilərinə isə maraq azalır.
Lakin ixtisasları ölkədəki tələbat və beynəlxalq trendlərə əsasən qruplaşdırmaq daha məqsədəuyğundur.

Azərbaycanda son illərdə daha çox tələb görən ixtisaslar:

1. İnformasiya texnologiyaları (İT):
2. Proqramlaşdırma (Front-end, Back-end, Full-stack)
3. Data analiz və sistem inzibatçılığı
4. Səhiyyə sahələri: Həkimlik, stomatologiya, əczaçılıq, fizioterapiya
5. Mühəndislik: Neft-qaz mühəndisliyi, mexanika, elektrik və avtomatika
6. Maliyyə və audit: Bank işi, vergi mütəxəssisi, ACCA/CFA sertifikatlılar
7. Psixologiya: Məktəb psixoloqu, klinik psixoloq
8. Dizayn və texnologiya: Qrafik dizayn, UX/UI dizayn, 3D modelləşdirmə
9. Hüquq və dövlət xidməti: Hüquqşünaslıq, diplomatiya
10. Loqistika və nəqliyyat idarəçiliyi
11. Turizm və otelçilik
12. Təhsil texnologiyaları, STEAM müəllimliyi, distant təhsil
13. Kənd təsərrüfatı: Aqronomluq, kənd təsərrüfatı texnologiyaları, ekologiya

Dünyada trend olan ixtisaslar:

1. Süni intellekt mühəndisliyi, data science, avtomatlaşdırma sistemləri
2. İnformasiya təhlükəsizliyi, ethical hacker-lar, DevOps mütəxəssisləri (AWS, Azure)
3. Biotexnologiya, gen analizi və terapiyası
4. Psixologiya və davranış terapiyası
5. Bərpa olunan enerji və ətraf mühit mühəndisliyi
6. SEO/SEM, sosial media marketinqi, brend menecment
7. Kriptovalyuta menecmenti, blokçeyn, maliyyə analitikliyi
8. İnsan Resurslarının Texnoloji İdarəçiliyi (HR Tech)

Eyni zamanda bəzi klassik ixtisaslara – məsələn, bəzi filologiya və sosial-humanitar sahələrə maraq azalmaqdadır. Bu, texnologiyanın inkişafı və bazar tələbinin dəyişməsi ilə əlaqədardır”.

Ekspert əlavə edib ki, son zamanlar ixtisas seçimi ilə bağlı artan narahatlıqdan sui-istifadə edən qeyri-peşəkar “məsləhətçilər” də meydana çıxıb:

“Bu şəxslər bəzən “təhsil eksperti”, “karyera kouçu” adı ilə çıxış etsələr də, onların heç bir rəsmi sertifikatı və və ya məsuliyyət daşıdığı hər hansı qurum yoxdur. Nəticədə abituriyentlər düzgün istiqamət ala bilmir və yanlış ixtisas seçimi ilə üzləşirlər.

Abituriyentlər ixtisas seçərkən nə etməlidir?

Universitetlərin qəbul komissiyaları və karyera mərkəzləri ilə əlaqə saxlasınlar.
Əmək bazarındakı real vəziyyəti və gələcək trendləri nəzərə alsınlar.
Peşə testləri və maraq yönümlü sorğulardan istifadə edərək özlərini daha yaxşı tanısınlar.

Ən əsası, şəxsi maraq və bacarıqlara uyğun sahə seçməyə çalışsınlar – çünki uzunmüddətli uğur və məmnuniyyət bu yolla əldə olunur”.
 
Təhsil eksperti Kamran Əsədov isə məsələ ilə bağlı belə deyib:

“İxtisas seçimi mərhələsinin yaxınlaşması abituriyentlər və valideynlər üçün olduqca kritik dövrdür. Bu mərhələdə edilən səhvlər illərlə peşmanlıq doğura bilər. Abituriyent yalnız universitetə qəbul olmaq deyil, 4 il sonra əmək bazarında rəqabətə tab gətirə biləcək sahəni seçməlidir. Bu səbəbdən, əmək bazarında yüksək tələbat olan ixtisaslar, perspektivi azalan sahələr və saxta ekspertlərin artması diqqətlə təhlil olunmalıdır.”

K. Əsədovun sözlərinə görə, hazırda tələbat yüksək olan sahələr:

1. Texnologiya və mühəndislik
2. İnformasiya təhlükəsizliyi
3. Süni intellekt və data analitikası
4. Proqramlaşdırma
5. Logistika və sənaye avtomatlaşdırılması

Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatının 2023-cü il hesabatına görə, Azərbaycanda 2025–2030-cu illərdə ən çox tələb olunacaq ixtisaslara aşağıdakılar daxildir:

1. İT mühəndisi
2. Kibertəhlükəsizlik üzrə mütəxəssis
3. Sənaye avtomatlaşdırılması üzrə texniki kadr
4. Logistika meneceri
5. Kənd təsərrüfatı texnoloqu
6. Məktəbəqədər təhsil müəllimi
7. İxtisaslı sosial işçi

Digər tərəfdən, iqtisadiyyat, hüquq, maliyyə və beynəlxalq münasibətlər kimi sahələrdə isə tələbat nisbətən azalıb. 2024-cü il göstəricilərinə görə, bu sahələr üzrə məzunların cəmi 20–25%-i ixtisasına uyğun iş tapa bilir. Hüquqşünaslıq və iqtisadiyyat üzrə orta məşğulluq göstəricisi 23% ikən, kompüter elmlərində bu rəqəm 65–70%-dir.

Sosial şəbəkələrdə yayılmış təhlükəli tendensiya:

“Balına uyğun sənə ixtisas seçərəm”, “daxil olmaq üçün gizli planlardan xəbərim var”, “kodları düzgün seçməsən qəbul ola bilməyəcəksən” kimi manipulyativ ifadələrlə gəncləri aldadan “kouç”lar artır. Onların heç bir akkreditasiyası yoxdur və bəzən abituriyentləri plan yerlərində olmayan ixtisaslara yönləndirirlər”.

Təhsil eksperti təklif edir ki, sözügedən problemlərin qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır:

“Elm və Təhsil Nazirliyi, DİM və Rəqəmsal İnkişaf Nazirliyi bu sahədə ciddi tədbirlər görməlidir.
Hər bölgədə rəsmi karyera planlaşdırma mərkəzləri yaradılmalı, təhsil məsləhətçiliyi rəsmi peşə kimi tanınmalı və lisenziyalaşdırılmalıdır.
DİM portalı üzərindən abituriyentlərə pulsuz psixoloji və karyera testləri təqdim edilməlidir.

Finlandiya və Estoniyada dövlət tərəfindən sertifikatlaşdırılmış karyera məsləhətçiləri hər məktəbdə fəaliyyət göstərir. Türkiyədə isə bu sahədə çalışan şəxslər rəsmi təlim keçmədən abituriyentlərlə işləyə bilməz.

İxtisas seçimi mərhələsi sadəcə 4 illik bir təhsil proqramı deyil, insanın gələcək 40 ilinin peşə, gəlir və həyat tərzi baxımından konturlarını müəyyənləşdirən mühüm qərardır. Bu qərarın dələduzların deyil, mütəxəssislərin, müəllimlərin, psixoloqların və ailənin dəstəyi ilə verilməsi vacibdir. Eyni zamanda, əmək bazarının real ehtiyacları ilə təhsil strategiyasının sinxronlaşdırılması, plan yerlərinin buna uyğun tənzimlənməsi və ictimai maarifləndirmənin artırılması, həm abituriyentlərin düzgün yönləndirilməsinə, həm də ölkənin uzunmüddətli insan kapitalının inkişafına xidmət edəcək. Nəticədə, vətəndaş keyfiyyətli təhsil alar, peşəsinə uyğun işləyər, dövlət isə strateji sahələrdə kadr ehtiyacını daxili resurslarla təmin edə bilər”.