Azərbaycan taksi qiymətlərinin yüksək olduğu ölkələr sırasında... - Qiymətlər daha da ARTACAQ?

azerbaycan-taksi-qiymetlerinin-yuksek-oldugu-olkeler-sirasinda-qiymetler-daha-da-artacaq-1749733836
|
|

Taksi qiymətlərinə görə ölkələrin reytinq sıralaması açıqlanıb.


Azərbaycan bu sıralamada 100-cü yerdədir.


Reytinq sıralamasında Azərbaycanda qiymətin 1 km üçün 0,59 dollar (1.003 AZN) hesablandığı qeyd olunub.


Rusiyada $0,45 dollar, Ukraynada $0,36, Ermənistan və Belarusda $0,33, Tacikistan və Özbəkistanda $0,3, Qırğızıstanda isə 0,23 dollardır ki, bu da MDB-də ən aşağı göstəricidir. 


Bu nəticələrə nəzər saldıqda region ölkələri arasında ən baha taksi xidmətinin Azərbaycanda göstərildiyi aydın görünür. Nəzərə alsaq ki, bu ölkələrin əksəriyyətində orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə daha yüksəkdir, bu zaman ölkədə taksi qiymətlərinə yenidən baxılması məqsədəuyğun görünür. 

 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Referans”-a açıqlamasında Azərbaycanda taksi qiymətlərinin yüksək olmasının səbəblərindən danışıb.




“Hazırki vəziyyətdə statistik olaraq taksi qiymətlərinə nəzər salsaq və qonşu dövlətlərlə müqayisə etsək, görərik ki, taksi qiymətləri bizdə kifayət qədər bahadır. Sonuncu yeniliklərdən əvvəl taksi qiymətləri vətəndaşlar üçün daha əlçatan idi və bu qiymətlərə əsasən taksi xidməti vətəndaşlar üçün əlverişli hesab olunurdu. Taksilər şəhər nəqliyyatının ayrılmaz bir hissəsidir. Taksisiz ictimai nəqliyyatı təsəvvür etmək mümkün deyil. Ona görə də bu kimi faktorlar taksi fəaliyyətini əlçatmaz səviyyəyə gətirib çıxara bilir. Tədricən qiymətlərin qalxması tıxaca məsələsinə də, vətəndaşların ümumi istifadəsinin gəlirlilik səviyyəsinə təsir etdi. Nəticədə vətəndaşlar tədricən taksilərdən ictimai nəqliyyata, avtobuslara, metroya yönəldi”.


Ekspert qeyd edib ki, 2025-ci ilin ilk rübü ilə ötən illərin statistikasına nəzər saldıqda Azərbaycanda taksidən istifadə edənlərin sayın böyük azalma müşahidə olunur. Səbəb isə məhz qiymət amilidir.


“Qonşu ölkələrlə - Rusiya Federasiyası, Türkiyə və s., o cümlədən, MDB ölkələri ilə Azərbaycanı müqayisə etsək, taksi qiymətlərinin ölkəmizdə daha baha olduğunu görərik. Məsələn, Mərkəzi Asiya ölkələrində taksi qiymətləri daha ucuzdur. Azərbaycanın taksi fəaliyyəti məhz paytaxt Bakıdan ibarətdir. Bu areal uzağı Bakı-Sumqayıt meqapolisindən ibarətdir. Bunu daha dəqiq demək üçün biz ümumi şkala ilə götürsək, 100 faizdən təkcə 70-80 faizi təkcə Bakı şəhərinin payına düşür”.

 

Fidan Vəlisoy