Sabahdan YENİ QADAĞA qüvvəyə minir - Qeyri-rəsmi nikahların sayı artacaq?

sabahdan-yeni-qadaga-quvveye-minir-qeyri-resmi-nikahlarin-sayi-artacaq-1751291121
|
|

Sabahdan etibarən Azərbaycanda qohum evliliklər qadağan olunur.


Belə ki, iyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.


Ailə Məcəlləsinə edilən bu dəyişikliyin cəmiyyətdə qeyri-rəsmi nikahların sayını artıracağı ilə bağlı müzakilər var.


Bu qərarı nə dərəcədə düzgün hesab edirsiniz? Müsbət və mənfi cəhətləri nə ola bilər? Qərar Azərbaycanda qeyri rəsmi nikahların artmasına səbəb ola bilərmi?


Milli Məclisin deputatı Fazil Mustafa “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.




“Bu məsələ artıq qanunvericilikdə təsdiq olunub. Sabahdan qüvvəyə minəcək qərar Azərbaycanda qohum evliliklərindən doğan xəstəliklərin qarşısının alınması və başqa qabaqlayıcı tədbirlər üçün nəzərdə tutulub. Cəmiyyətdə tarix boyu, xüsusən də, son illərdə qohum evlilikləri yayğınlaşmağa başlamışdı. Burada daha çox yaxın qohum evliliklərindən söhbət gedir. Bu həm dini, həm də milli dəyərlərimizə uyğun deyil. Bu baxımdan artıq belə məsələlərin mənfi və müsbət tərəfləri daha çox tibb sahəsinə aiddir. Hökümət isə sosial problem olaraq məsələnin tənzimlənməsinin vacibliyini düşünür. Çünki bu məsələdə cəmiyyət üçün mənfi tərəflər daha çox olduğundan belə bir müddəa qəbul olunub. Bundan sonra əsas məsələ bu müddəalara əməl olunmasıdır”.

 

Deputat xüsusilə qeyd edib ki, qanunvericiliyə edilən bu dəyişiklik cəmiyyət tərəfindən anlayışla qarşılanmalı və birmənalı olaraq əməl edilməlidir.

 

Fidan Vəlisoy