Dadı gözəl olsa da, ZƏHƏRƏ ÇEVRİLƏ BİLİR - Yayın vazkeçilməzindən necə qorunaq? 

dadi-gozel-olsa-da-zehere-cevrile-bilir-yayin-vazkecilmezinden-nece-qorunaqnbsp-1751543253
|
|

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.

 

Bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. 

 

O bildirib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb.

 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans-a açıqlamasında qarpızı ölüm səbəbi edən əsas nüanslardan danışıb.

 



“Azərbaycan üçün qarpızın xarakterik mövsümü iyul ayının ortalarında başlayaraq avqust ayı hesab olunur. Bu müddətdə yetişən qarpızlar daha təbii, qida dəyəri daha yüksək, eyni zamanda orqanizm üçün faydalı olur. Yaxşı olar ki, xüsusilə, xüsusi həssas qrupdan olan insanlar – azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olan insanlar, hamilə və südverən qadınlar məhz təbii mövsümündə yetişən qarpızdan istifadə etsinlər. Bir çox hallarda mövsümdən əvvəl də qarpıza rast gəlmək olur. Bu, adətən, xüsusi istixanalarda yetişdirilən qarpızlardır ya da isti ölkələrdən gətirilən qarpızlar olur. Onların gətirilməsi və saxlanılması zamanı xüsusi kimyəvi maddələrdən istifadə olunubsa, az müddətdə istifadə etmək olar. Əgər biz qarpızın faydalılıq xüsusiyyətlərindən yararlanmaq istəyiriksə, bu zaman yerli və mövsümi olanı seçməliyik”.


Ekspert qeyd edib ki, qarpızın zəhərlənmələrin əsas səbəbi süni şəkildə yetişdirilən məhsulların tərkibidir.


“Qarpızın tərkibində A, C vitaminləri, eyni zamanda likapen maddəsi var ki, bu da birbaşa olaraq xərçənglə mübarizə aparma qoruyucu xüsusiyyəti var, immun sistemini də gücləndirir. Eyni zamanda kalori dəyəri aşağı olduğuna görə asan həzm olunan qidalar sırasındadır, lif tərkibli olduğuna görə də asan həzm olunur. Zərərlərinə gəldikdə isə təbii ki, süni şəkildə, istixanalarda yetişdirilən, eyni zamanda tərkibində daha çox nitrat və digər zərərli maddələr varsa, bu zaman allergik reaksiyalarla yanaşı həzm sistemi problemlərinə gətirib çıxarır. Qarpızın tərkibində nitratın daha çox olması zəhərlənməyə səbəb ola bilər”.

 

Fidan Vəlisoy