Kommunal qiymətləri ilə bağlı YENİLİK: Ayda 20-25 manat ödəyən şəxs...

"Ötən tarif dövründə aparılan təhlil və hesablamalara görə,
abonentlər üçün aylıq sabit tarif 1 manatı aşmayacaq".
Bunu Milli
Məclisin ötən gün keçirilən iclasında energetika nazirinin müavini Orxan
Zeynallı deyib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bu məsələ ilə bağlı danışıb.
“Azərbaycan Respublikasının bu cür tədbirləri sözügedən kommunal xidmət istiqamətində xidmətin səviyyəsini yüksəltmək və əhalinin bu xidmətlərdən daha çox məmnun olması üçün mexanizmləri daha da təkmilləşdirmək məqsədi daşıyır. Bu məsələ ilə bağlı belə bir sual yarana bilər: “Sabit tarifin ümumi tarifə əlavə olunmasından sonra nə dəyişəcək?”. Məsələn, vətəndaş aylıq 20-25 manat məbləğində kommunal xidmət qarşılığını ödəyirsə, bu bir manat o deməkdir ki, vətəndaş təqribən 4 faiz civarında əlavə məbləğ ödəyəcək. Yəni bu birbaşa olmasa da, dolayı yolla qiymətin 4 faiz artımı deməkdir. Digər tərəfdən çox sayda boş mənzillər var ki, vətəndaşlar orada yaşamır, əlavə mənzillər kimi saxlanılır. Bu mənzillər də kommunal xidmətlərə görə abonent xidmətləri də ödəyəcək. Bu o deməkdir ki, ölkədə olan istifadə olunmayan mənzillər də kommunal xidmətlər sisteminə qoşulduqlarına görə ödəniş edəcəklər. Bu baxımdan həmin ödənişlərin dövlət büdcəsinə də müsbət təsiri olacaq”.
Vüqar Oruc düşünür ki, dünya üzrə enerji daşıyıcılarının qiymətində artım baş verir. Bu artımın da bu və ya digər səviyyədə kompensasiyası dövlət üçün vacib əhəmiyyət kəsb edən məsələdir.
“İstənilən xidmət sahəsində Azərbaycan dövləti vətəndaşlarımız üçün zəruri olan xidmət sahələrini əlavə datasiya ilə təmin edir. Dövlətə 30 ildən artıq işğal altında olan ərazilərimizin bərpası, müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində kifayət qədər xərclər olduğu zamanda bu istiqamətdə də müəyyən islahatların keçirilməsi gözlənilən idi. Yəqin ki, yeni situasiyada vətəndaşlarımız enerji daşıyıcılarının, kommunal xidmətlərin sərfiyyatını daha qənaətlə həyata keçirəcəklər ki, bu istiqamətdə ödənişlər çox olmasın”.
Fidan Vəlisoy