NEFT YATAQLARI TÜKƏNMƏ TƏHLÜKƏSİNDƏ - 30 il ərzində...

neft-yataqlari-tukenme-tehlukesinde-30-il-erzinde-1697627884
|
|

2023-cü ilin ilk 9 ayına olan məlumata görə Azərbaycanda neft ixracından gəlirlər təxminən 3 milyard dollar azalıb. Belə ki, 2022-ci il üzrə neftdən əldə olunan gəlir 27.4 milyard ABŞ dollar olduğu halda, 2023-cü ildə bu məbləğ 24 milyard ABŞ dolları təşkil edib. Gəlirin bu qədər azalmasından bu nəticəyə gəlmək olar ki, neft hasilatında da azalma istisna deyil.


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Referans.az-a açıqlamasında bildirib ki, neft tükənən və bərpa olunmayan təbii sərvətlərə daxil olduğuna görə hasilatın zamanla azalması və tükənməsi normaldır.


“Ən böyük azalma Azəri-Çıraq-Günəşli yataqlarında özünü göstərir. Bu yataqların ehtiyatlarının 60 faizi çıxarılıb. Azəri-Çıraq-Günəşli özünün ən yüksək hasilat dövrünü 13 il əvvəl keçirib. Yəni 2010-cu ilin üçüncü rübündə Azərbaycanın ən böyük neft yataqları olan Azəri-Çıraq-Günəşli neft blokunda zirvədən aşağı enmə prosesi başladı. Nəticə etibarı ilə o zaman təxminən 840 000 barel neft ixrac edilirdisə, artıq bu 400 000 bareldən aşağıdır”.


Ekspert qeyd edib ki, təbii olaraq, neft yataqlarından həddindən artıq istifadə onların tükənməsinə gətirib çıxarır.

“Neft yatağı yerin altında olan bir çəlləyə bənzəyir. Biz ondan nə qədər çox neft götürsək, onun ehtiyatları da bir o qədər azalacaq. Azərbaycanda BP şirkətinin işlədiyi yataqarla yanaşı digər yataqlar da qocalıq dövrünü yaşayır. Azərbaycandakı yataqların əksəriyyəti istismarın sonuncu mərhələsindədir. Azərbaycan artıq 170 ildir ki, neftin çıxarılması ilə məşğuldur. Təxminən 30 il müddətində neftin təmamilə tükənməsi baş verə bilər”.

 

Fidan Vəlisoy