Kirayə üsulu ilə mənzil layihəsi Azərbaycanda nə qədər effektiv oldu? - ARAŞDIRMA

kiraye-usulu-ile-menzil-layihesi-azerbaycanda-ne-qeder-effektiv-oldu-arasdirma-1698064837
|
|

Azərbaycanda əhalinin həyat prioritetlərindən biri də şəxsi ev sahibi olmaqdır. Hətta ölkədə vətəndaşlar gənc yaşlarda bu qayğıya düşürlər. Ailə qurmağı planlayan hər bir şəxs ev tapmaq, onu uyğun və münasib qiymətə almaq kimi problemlərlə üzləşməyə başlayır. Vətəndaşların bu problemini müəyyən qədər həll etmək və mənzil probleminə dəstək üçün İpoteka və Kredit Zəmanət Fondu 2013-cü ildən satmaq öhdəliyi ilə kirayə mexanizmi əsasında bazara evlər çıxarıb. Bəs bu layihə 10 il ərzində nə qədər effektiv oldu?


İpoteka və Kredit Zəmanət Fondundan Referans.az-a verilən məlumata görə, mənzil alıcısı bu mənzillərə sahib olmaq üçün müəyyən tələblərə cavab verməlidir. Kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalı, məhkumluğu olmamalı, müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı, müraciət anına yaşı 60-dan yuxarı olmamalı, rəsmi gəlirlərə malik olmalıdır. Qurumun məlumatına görə, indiyədək kirayəçilərin istifadəsinə verilmiş yaşayış sahələrinin sayı 4090-dır. 


Müvafiq infoqrafiyanı təqdim edirik:


Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bu layihənin vətəndaşlar üçün daha sərfəli olduğunu düşünür.


“Sonda evin vətəndaşa qalması yolu ilə kirayə mexanizmli evlərin satışı həyata keçirilir. Demək olar ki, bu da ipoteka növlərindən biridir və sərfəlidir. Bəzi vətəndaşların ilkin ödəniş üçün büdcələri kifayət qədər olmur, bu, həmin vətəndaşlar üçün uyğun bir mexanizmdir. Məsələn, elə vətəndaşlar var ki, aylıq 2000-3000 manat arasında gəlirləri var, onlar bu mexanizmdən istifadə edirlər. Bu mənzillərin də qiyməti yerləşdiyi ərazidən, otaq sayından asılı olaraq kirayə haqları müxtəlifdir”.


Ekspert qeyd edir ki, satmaq öhdəliyi ilə verilən kirayə evlərin qiymətləri ilə normal kirayə mənzil qiymətləri arasında böyük fərq müşahidə olunur.


“Yerindən asılı olaraq, məsələn, Binəqədi ərazisində üçotaqlı evlər təxminən 700 manata, ikiotaqlı 400, birotaqlılar isə 300 manatdan yuxarı məbləğlərə təklif olunur. Ən çox təklif olunan mənzillər iki və üçotaqlı mənzillərdir. Bu qiymətlər Azərbaycanda real bazar dəyərinə uyğundur. Bu sistemdə ödənişlər bir illik nəzərdə tutulub və vətəndaş ödənişi üç il ərzində mütləq qaydada etməlidir”.


Ramil Qasımzadə bu layihənin ən böyük üstünlüyünün mənzilin sonda vətəndaşın şəxsi evinə çevrilməsi olduğunu da vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli isə məsələyə fərqli yanaşıb.


“Təbii ki, əgər nəğd pulunuz varsa, bu şəkildə ev alsanız sizin üçün daha sərfəli olacaq. Dövlət tərəfindən bu kimi proqramlar vasitəsilə evlər alarkən ödənişlərin həcmini hesablayanda bugünki bazar qiymətindən daha baha çıxır. Çünki bu qiymətlət inflyasiya risklərini nəzərə alaraq hesablanıb. Amma bu sosial məsələdirsə, burada dövlət daha adil davranmalıdır. Buna ehtiyacı olan insanlara belə bir proqram təklif olunursa, burada qiymətlərin bazar dəyərinə uyğun olaraq yox, dövlətin özünün təyin etdiyi və daha rahat şəkildə ödəniləcək bir dəyərləndirmə aparılmalı, qiymət təyin edilməlidir. Düşünürəm ki, məncə, bu, daha doğru olar”.


Ekspert bildirib ki, bu qiymətlər təyin olunarkən inflyasiya dəyərləri nəzərə alınmamalıdır.

 

Fidan Vəlisoy