Bu şəxslərə XƏBƏRDARLIQ! - 3 min manat CƏRİMƏ OLUNACAQSINIZ

Son zamanlar xüsusilə internet vasitəsi ilə keçirilən totalizator oyunlarına maraq artıb. Dövlət səviyyəsində bu məsələ tənzimlənsə də qanunsuz fəaliyyət göstərən bukmeker kontorlarının da sayı azalmır. Əlaqəli qurumlar qeyri-leqal fəaliyyət göstərən idman lotereyası, idman mərc (totalizator), kazino oyunlarını həyata keçirən obyektlərə qarşı tədbirlər keçirsə də hələ də kifayət qədər belə obyekt var.
Qanunsuz obyektlərin azalmamasına səbəb isə bu oyuna maraq göstərənlərin lisenziyasız bukmeker kontorlarına daha çox üstünlük verməsidir.
Bəs qanunsuz mərc oyunları oynayanlar üçün qanunvericiliyimizdə hansı tədbirlər nəzərdə tutulub?
Bu barədə Referans.Az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, qumar oyunlarının təşkili və ya keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur:
“İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Qumar oyunlarının təşkili və ya keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur”.
Hüquqşünasın sözlərinə görə, həmin Məcəllənin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir: “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur. Yəni, Lotereya və idman mərc oyunları istisna olaraq qumar oyunlarına şamil edilmir”.
Turan Abdullazadə əlavə edib ki, qanunvericiliyə uyğun təşkil edilən və keçirilən lotereyalar, eləcə də idman mərc oyunları qumar sayılmır. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd olunur ki, qumar oyunu dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən, mərclər) başa düşülür. Lakin həmin maddədə qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir”.
Aqil Qarayev