Sədərək rayonundan olan şəhid Abdullazadə Tağı İlham oğlunun şəhadətinin 3-cü il dönümü şəhidlər xiyabanında qeyd olunub.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Naim Cahidzadə, İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, döyüş yoldaşları, qazilər, müəllimlər və sakinlər iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Naim Cahidzadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun göstərdiyi mərdlik və şücaət, Azərbaycan xalqının bir yumruq kimi öz Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında birləşməsi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etmişdir. Bu tarixi zəfəri bizə bəxş edən Ali Baş Komandan Cənab İlham Əliyevin uzaq görən siyasəti və rəşadətli Azərbaycan ordusunun cəsur və qorxmaz hərbçiləridir. Döyüşlər zamanı şəhadətə qovuşmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına başsağlığı, yaralanmış qazilərimizə şəfa diləyərək şəhid Abdullazadə Tağı İlham oğlunun ailəsinə baş sağlığı vermişdir.
Tədbirdə şəhidin atası Abdullayev İlham, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Naxçıvan şəhər Cümə məscidinin axundu Salahov Nəbi, şəhidin komandiri və döyüş yoldaşı olmuş Təbriz Zeynalov, rayon sakini Həsən Rzayev çıxış edərək ərazi bütövlüyünü bərpa edən, torpaqlarımızda üç rəngli bayrağımızı ucaldan hərbi qulluqçularımıza can sağlığı, şəhidlərimizə rəhmət diləyərək, Azərbaycan ordusunun əldə etdiyi bu zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirmişlər. Sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər dinlənilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuş və məzarları üzərinə gül qoyulmuşdur.