Azərbaycan yenidən Avropa Liqasına qayıtdı - Bizim üçün müsbət nə dəyişdi? 

azerbaycan-yeniden-avropa-liqasina-qayitdi-bizim-ucun-musbet-ne-deyisdinbsp-1699248007
|
|
Bəli, 2024/25 mövsümündən etibarən UEFA-nın hər 3 klub yarışının formatında dəyişiklik edilir.


Avropa futbolunda böyük maraqla gözlənilən yeni dövr başlayır.


Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qrup mərhələləri ləğv olunur, turnirin hər birində 36 komanda olmaqla vahid liqalar yaradılır.
 
 

Əsas mərhələdə komanda sayı 32-dən 36-ya qaldırılır.Yeni formatın özəlliyi...


UEFA-nın daha öncədən bildirdiyi kimi, format dəyişikliyi ilə bağlı qərar Avropa Klublar Assosiasiyası (ECA) ilə razılaşdırılmaqla qəbul olunub. Yeni formata əsasən, komandalar mövcud sistemdəki kimi 3 rəqibin hər biri ilə 2 matç olmaqla 6 oyun deyil, 8 fərqli klubla 8 görüş keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü isə səfərdə olacaq. 1-8-ci yeri tutan komandalar 1/8 finala birbaşa vəsiqə qazanacaqlar. 9-24-cü yeri tutanlar isə həmin mərhələyə yüksəlmək üçün 2 matçdan ibarət "pley-off" oyunları keçirəcəklər. Sonrakı yerləri tutanlar üçün avrokubok mövsümü başa çatacaq. Yəni indi qrupu 3-cü yerdə başa vuranlar yarışdığı turnirdən asılı olaraq sonra Avroliqa və Konfrans Liqasının pley-off mərhələsində iştirak edi bilirlərsə, yeni mövsümdən bu qayda da tamamilə ləğv olunur.

Əlavə 4 yer kimə verilir?


ÇL-də 4 əlavə yerdən 1-i UEFA reytinqində 5-ci olan ölkənin liqasında 3-cü yeri tutana, əlavə bir yer təsnifat mərhələsində Çempionlar Yolunun iştirakçısına ayrılacaq. Daha iki vəsiqə isə Avropa kuboklarından öncəsi mövsümdə daha yaxşı kollektiv nəticə göstərmiş 2 ölkənin təmsilçilərinə veriləcək. Bu zaman onların özlərinin, təmsil etdiyi ölkələrin əvvəlki illərdə Avropada göstərdiyi nəticələr də nəzərə alınacaq.


Qeyd edək ki, yeni mövsümdən bənzər format Avropa Liqası və Konfrans Liqasında da tətbiq olunacaq. Orada da eyni sistem olmaqla qruplar ləğv ediləcək, 36 komanda olmaqla vahid liqa yaradılacaq.


Yeni format Azərbaycanı Avroliqaya qaytardı


Yeni format Azərbaycan kubokunun qalibinin Avropa Liqasında oynamasına şərait yaradır. Artıq UEFA bununla bağlı qərarı təsdiq edib.


Məlum olduğu kimi, Azərbaycan kubokun qalibi, 2 və 3-cü yerləri tutanlar 2021/22 mövsümünə kimi AL-də çıxış edə bilirdi. Amma həmin mövsümdən UEFA-nın yeni 3-cü klub yarışı olan Konfrans Liqasının fəaliyyətə başlaması ilə Azərbaycan klubları (ölkə çempionu istisna olmaqla) AL-də oynamaq hüququnu itirdi. Buna səbəb ölkəmizin UEFA reytinqinin aşağı olması idi. İndiki qaydaya əsasən, reytinqdə 1-15-ci yeri tutan ölkələrin AL-də iştirakına icazə verilir. 16-55-ci yeri tutan ölkələrdən isə yalnız Çempionlar Liqasının 2-ci, 3-cü və pley-off mərhələsində uduzanlar Avropa Liqasına buraxılırlar.

 
 
2024/25 mövsümündən başlayaraq isə avrokuboklardakı format dəyişikliyinin Azərbaycan da daxil olmaqla 18 ölkəyə müsbət təsiri olacaq. Yəni bu gün Azərbaycanın UEFA reytinqində 29-cu olması artıq onun AL-də iştirakına maneə yaratmayacaq. 2024/25 mövsümündən etibarən reytinqdə 16-33-cü yeri tutan ölkələr də Avroliqada 1 komanda ilə yarışmaq hüququ əldə edir. Bu o deməkdir ki, yeni mövsümdən Azərbaycan kubokunun qalibi yenidən Avropa Liqasında iştirak edəcək. Artıq AL-də təsnifat mərhələsi indiki kimi 3-cü yox, 1-ci mərhələdən başlayacaq. Ölkəmiz də yarışa 1-ci mərhələdən start verəcək.
Əgər hazırkı mövsümdə kubokun qalibi həm də Azərbaycan çempionu olarsa, bu halda Avropa Liqasına Premyer Liqanın 2-cisi gedəcək. Kubokun qalibi 2 və ya 3-cü yeri tutacağı halda isə Premyer Liqanın 4-cüsü Konfrans Liqasında oynayacaq.
 


Kubokun qalibi üçün ikinci üstünlük


Konfrans Liqası təmsilçilərindən fərqli olaraq, Azərbaycan kubokunun qalibi AL-də təsnifat mərhələsin uduzacağı halda belə avrokubokda mübarizəni davam etdirə biləcək. Fərz edək ki, X komanda 1-ci (və ya 2-3-cü) mərhələdə məğlub olub, bu halda o, Konfrans Liqasında yarışacaq (2, 3 və ya pley-off-da). Avroliqada pley-off-da məğlub olacağı halda isə Azərbaycan kubokunun sahibi Konfrans Liqasında 36 komandalı vahid liqada çıxış edəcək. Bu mənada, hazırkı mövsümdə kuboku qazanmaq komandalar üçün daha cəlbedici olmalıdır. Avropada həm çox oyun keçirirsən, həm də daha çox maddi qazanc imkanı əldə edirsən.


Beləliklə, 2023/24 mövsümü Azərbaycan liqasının qalibi Çempionlar Liqası, kubokun sahibi Avropa Liqası, 2 və 3-cü yeri tutanlar isə Konfrans Liqasında çıxış edəcək.
 


Azərbaycan çempionu və kubokun qalibi yarışa 1-ci, Konfrans Liqası iştirakçıları isə 2-ci mərhələdən başlayacaq.


Sonda daha bir vacib məqam…


Onu da qeyd edək ki, KL-də vahid liqada 36 komanda iştirak etsə də, onlar orada 8 deyil, 6 fərqli komanda ilə oynayacaqlar (3-ü evdə, 3-ü səfərdə).



Beləliklə, 2024/25 mövsümündən biz tarixdə ilk dəfə Avropa kuboklarında fərqli turnirləri və daha çox oyunları izləyə biləcəyik. Azərbaycan komandalarının vahid liqada oynayıb-oynamayacağını isə təkcə zaman deyil, həm də onların bacarıq və potensialının miqyası göstərəcək (qol.az).