Köç edəcək xocalılar: "Evimi tikənəcən nə zülümlər çəkmişəm" - Xocalıdan GÖRÜNTÜLƏR

koc-edecek-xocalilar-evimi-tikenecen-ne-zulumler-cekmisem-xocalidan-goruntuler-1715692999
|
|

Xocalıda yenidənqurma işləri davam edir. Xocalı şəhəri və Malıbəyli kəndi müasir görkəmə qovuşur.

Hazırda Xocalıya 50 ailənin köçürülməsi planlaşdırılır, Malıbəyli kəndində isə 120 fərdi yaşayış evində işlər davam etdirilir. Şəhər və kəndə qaz, işıq və su xətləri çəkilir.

Malıbəyliyə köç başlayan zaman tikilən ilk 50 evin yay aylarında təhvil verilməsi planlaşdırılır.

Referans.az Xocalı şəhərindən didərgin düşmüş Əzizova Ceyran Əkbər qızı ilə həmsöhbət olub.

Ermənilər evimizi eybəcər formada dəyişmişdilər...

Ceyran xanım Xocalı işğaldan azad olunandan sonra şəhərə 2 dəfə ziyarətə getdiyini deməklə söhbətə başlayır:

"Bir dəfə "Space" telekanalı ilə çəkilişlə getmişəm, bir dəfə də şəhidlərin dəfninə getmişəm. Mənim Xocalıdan gələndə 27 yaşım var idi, 2 övlad sahibi idim. Biz həyət evində yaşayırdıq, gələndən sonra ermənilər evimizdə yaşayıblar. Çox eybəcər formada evin görünüşünü dəyişdirmişdilər. Bizimkilər evi təzədən söküb, əvvəlki vəziyyətinə qaytardılar. Ev təmir olunub, köçəcəm evimə. O evim başa gələnədək nə zülümlər çəkmişəm. Mühasib işləmişəm. Yoldaşım döyüşlərdə şəhid oldu. Onu əsirlikdə ermənilər öldürdülər".

Yoldaşıma baş daşı qoymadan qəbrini betonladıq

Xocalı sakini şəhərdən çıxdığını belə xatırlayır:

"Fevral ayının 12- si idi Xocalıdan çıxmışdım. Dekabr ayından demək olar mühasirədəydik. 26 - sı tezdən "pesok" almaqçün bazara getdim. Gördüm arvadlar danışırlar ki, bu gecə Xocalını qırıblar. Əlimdə aldığım hər şeyi atıb qaçdım. Yoldaşım Məmmədov Vasif Salman oğlu şəhid oldu. Ermənilər yoldaşıma və yanındakı adamlara deyib ki, əlinizdəki silahı yerə qoymasanız, qadınları öldürəcəyik. O da məcbur silahı yerə qoyub. Yoldaşımı öldürdülər, amma qadınlar salamat gəldi. Martın 3-ü yoldaşımın nəşini təhvil alıb, Tərnöyüt kəndində dəfn elədik. Ağdam neçə ay sonra alındı deyə yoldaşıma baş daşı qoymadan qəbrini betonladıq. Mənim arzum yoldaşımın nəşinin öz şəhərimizə gətirilib, dəfn edilməsidir".


Digər müsahibimiz Xocalıya köç edəcək Malıbəyli kəndi sakini Bəxtiyar Bəxtiyarovdur.
Xocalıdan vertalyotla "011"imi çıxardım

Bəxtiyar müəllim bu ilin dekabr və apel aylarında ermənilərdən geri alınan kəndlərinə gedib- gəldiyini deyir:

"Öz evim durur, indi bizimkilər söküb, təmir ediblər. Çox razıyıq, Allah razı olsun. Dövlətimiz yaşasın. Bizim evin ətrafındakı evlərin çoxunu dağıdıb, yenidən tikiblər. Mənim evim yaxşı vəziyyətdə idi deyə özüm razılaşdım ki, təkcə təmir edib verin mənə. Kəndimizdə iş gədir. Kanalizasiya, işıq, su, qaz çəkirlər. Kənddən çıxanda atamın, əmimin maşını qaldı, amma öz "011" maşınımı vertalyotla çıxardım. Özümə məxsus heç nə gətirmədim, ancaq maşınımı gətirə bildim".

Xocalı sakini Baxtiyar Bəxtiyarov müharibə iştirakçısıdır. O gözünün önündə kəndləri ermənilərin necə yandırdığını deyir. Qarşılaşdığı hadisələr yaddaşında silinməz iz buraxıb. Lakin, onu sevindirəcək ən əsas məqam doğma kəndinə yenidən qovuşmasıdır.


Şəlalə Babayeva