Ermənistan Azərbaycandan hansı təkliflər paketi alıb ? – “Hər şeyə ağ səhifədən başlamaq istəyirik”
Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu artıq sülh sazişi layihəsi ilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.
Təkliflər paketində hansı məsələlərin müzakirə edilməsi ilə bağlı Referans.az-a deputat Elman Nəsirov danışıb:
“Azərbaycan Respublikası, onun ali siyasi rəhbəri, ölkə Prezidenti, cənab İlham Əliyev dəfələrlə ən yüksək ali kürsülərdən bəyan edib ki, biz Cənubi Qafqaz regionuna uzunmüddətli və dayanıqlı sülh gətirmək istəyirik. Eyni məntiqlə, biz Ermənistanla münasibətlərimizi normallaşdırmaq istəyirik. Təbii ki, bu o anlama gəlmir ki, biz başverən tarixi keçmişimizi yaddan çıxaracağıq. Bu qətiyyən belə deyil. Ermənilərin hərbi cinayətlərini heç bir zaman unutmayacağıq. Biz əbədi qonşularıq və regiondan köçüb gedəsi deyilik. Əbədi düşmənçiliyimiz də ola bilməz. Hər şeyə ağ səhifədən başlamaq istəyirik.
Danışıqları aparmaqçün Azərbaycan konkret sülh müqaviləsi layihəsini irəli sürüb. Söhbət həmin layihə çərçivəsində sərhədlərin delimitasiyası üzərində gedir. Bu məsələərdə çox ciddi anlaşmazlıqlar var idi. Artıq bununla bağlı nəticələr göz qabağındadır. İndiyə qədər 12,6 km ərazinin delimitasiyaya məruz qaldığı faktı bəllidir. Digər məsələ hər iki dövlətin arasında nəqliyyat- kommunikasiya ilə bağlı məsələlərdir. Hesab edirəm ki, hazırda təkliflər paketi çərçivəsində söhbət bu cürə danışıqlar haqda gedir. Prosesləri sonlandırmaq, Zəngəzur dəhlizinin işə salınması üçün vaxt aparan danışıqlar var. Delimitasiya və demarkasiya məsələlərində məqamlar nəzərdən keçirilir, elə ərazilər də ola bilər ki, bununla bağlı fikir ayrıqlıları olsun. Xüsusən də xəritə məsələlərində buna rast gəlinir. Bununla əlaqəli yekdil qərara gəlinmədiyi haqda məlumatlar var. Düşünürəm ki, təkliflər paketində bu məsələləri də nəzərdən keçirməliyik. Qeyd elədiyim məsələlərin müzakirəsindən sonra sülh müqaviləsinin imzalanması üçün yaşıl işıq yana bilər”.
Parlament üzvü Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı əsas məqama diqqət çəkib:
“Cənab İlham Əliyev qeyd edib ki, Ermənistanla sülh muqaviləsi imzalamağa razıyıq, amma bir şərtlə. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir. Bu baş nazirin hər hansı sənədə qol çəkilməsi ilə baş tuta bilməz. Sabah Ermənistanın konstitutsiya məhkəməsi prezidentin imzasından ikmtina edə biləcək şərait yarada bilər. Yenidən eyni nöqtəyə qayıtmış olarıq. Prezidentimizin mövqeyi budur ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etsin və bu referendumla, yəni erməni xalqının siyasi iradəsi ilə baş versin. Bu bizim əsas irəli sürdüyümüz tələbdir. Bu reallaşacağı təqdirdə, hesab edirəm ki, sülh müqaviləsinin imzalanması üçün maneələr aradan qalxmış olacaq”.
Şəlalə Babayeva