Cənub ərazisində zəlzələ gözlənilmir - Bu ərazilərdə YENİ TƏKANLAR OLACAQ

cenub-erazisinde-zelzele-gozlenilmir-bu-erazilerde-yeni-tekanlar-olacaq-1719580037
|
|

Talış Dağlıq zonasında zəlzələ baş verib.


Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli saatla 07:43 radələrində baş verib. Zəlzələnin Lerikdə 5 bal gücündə olduğu qeyd edilib. Yeraltı təkan 18 km dərinlikdə yerləşib.

Sosial şəbəkələrdə zəlzələnin digər rayonlarda da hiss olunduğu bildirilir.

Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bir neçə rayonda hiss olunub.

Bildirilib ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bala, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.


Seysmoloq Qulam Babayev Referans.az-a açıqlamasında Azərbaycanda baş verə biləcək yeni təkanlar haqqında danışıb. 




“Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, bu il Azərbaycanda seysmik və tektonik aktivlik davam edəcək. Talış ərazisi bir neçə hiss olunan zəlzələlərə məruz qalıb və biz bunun təzahürünü müşahidə edirik. Hiss olunan zəlzələlərə 4.5-5.5 ballıq zərzələlər aiddir. Ələlxüsus, baş verən zəlzələ müxtəlif aktiv qırılmaların qovşağında yerləşir. Əsas təkan İran zəlzələlərinin nəticəsində baş verib və bu davamlı olaraq baş verəcək. Qeyd etdiyim kimi, dünya miqyasında Azərbaycanda seysmik aktivlik daim müşahidə olunur”.


Seysmoloq bildirib ki, həmin ərazidə yenidən güclü zəlzələrin baş verməsi gözlənilmir. Buna səbəb isə ərazidə enerji mənbəsinin artıq boşalmasıdır. Lakin 1 ay ərzində avtoşokların olacağı istisna edilmir. Seysmik baxımdan aktiv olan digər ərazilərdə yeni təkanların olması mümkündür.


“Nəzəri baxımdan, Kür-Aran zonası, Hacıqabul ərazisində titrəyişlər ola bilər. Həmin ərazilərdə qırılma qovşaqları mövcuddur. Eyni zamanda Şamaxı-İsmayıllı seysmoaktiv blokunda da bu qeydə alına bilər. Həmçinin Qəbələ-Şəki-Oğuz zonası, Zaqatala və Şabran ərazisi, Kiçik Qafqazın şimal yamacı-Gəncə ətrafı ərazilər, Qarabağ zonası, Şuşa seysmik ocağı, Laçın, İstisu ərazisi, Naxçıvan və s. kimi seysmik aktiv ərazilərdə hiss olunan zəlzələlər gözlənilir”.

 

Fidan Vəlisoy