Tıxacların qənimi YENİ YOL istifadəyə verildi - Bakının bu ərazilərində ARTIQ TIXAC OLMAYACAQ
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirakı ilə paytaxtın Xətai rayonu ərazisində yerləşən “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı olub.
Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən, uzunluğu 202, eni 17,3 metr olan “Cavanşir” yolötürücüsü dəmir yolu vasitəsilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdi. Həmin ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdi.
İstifadəyə verilən yolun Bakı üçün əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı Referans.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, sözügedən yeni yolun ciddi tıxac problemindən əziyyət çəkən paytaxtımız üçün əhəmiyyəti danılmazdır.
“Yeni istifadəyə verilmiş bu yol olduqca əhəmiyyətlidir çünki bir neçə yolu şəhərə birləşdirməyə kömək edir. Neçə aydır həmin ərazi bağlı olduğuna görə dəhşətli tıxacların yaranması da bunu sübut edir. Ona görə də bu yol bu gün istifadəyə verildi və açılışı baş tutdu”.
Ekspert bildirib ki, yeni yol əvvəlkindən olduqca fərqlidir və bir çox üstünlüklərə malikdir.
“Piyadalar üçün işıqfor quraşdırılıb, səkilər düzəldilib. Artıq avtomobillərin körpüdə qalması, gözləməsi, körpüdə “ilişməsi” kimi hallar yoxdur. Burada xüsusi giriş-çıxış nöqtələri də var, müxtəlif manevrlər etmək üçün imkanlar var”.
Elməddin Muradlı vurğulayıb ki, ərazidə yaradılmış yaşıllıq sahələri eyni zamanda vətəndaşların sağlamlığı üçün də olduqca faydalıdır.
Fidan Vəlisoy