Azərbaycan və ABŞ arasında GİZLİ SAZİŞ var? – Zəngəzur yoluna nəzarətin xarici ölkədə olmasını QƏBUL EDƏ BİLMƏRİK!
Kütləvi informasiya vasitələrində ABŞ ordusunun Zəngəzura daxil olması ilə bağlı məlumatlar yayılıb.
Flightradar qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilib.
Bu məsələ ABŞ və Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı Politoloq Turan Rzayev Referans.az-a açıqlamasında danışıb.
“Əvvəla qeyd etmək lazımdır ki, bu xəbərlər hələ öz təsdiqini tapmayıb. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının hərbi kontingenti mərhələli şəkildə Ermənistana yerləşdirilir. Hətta Aİ-nin “mülki missiyası”nın Ermənistana gəldiyi gün belə bəlli idi ki, o missiyanın tərkibi tədricən artacaq və daha sonra ABŞ və Fransanın da fərqli-fərqli qrupları, ordu birləşmələri bura gələcək. Məqsəd aydındır və bəllidir ki, bu, Rusiyaya hesablanmış bir tədbirdir. Rusiyanın Ermənistandakı hərbi varlığını ilkin etapda zəiflətmək və balanslaşdırmaq, yəni Rusiya ilə bərabər səviyyədə bir hərbi kontingent yaratmaq. Daha sonrakı mərhələdə isə rusların bu ərazidən çıxarılmasına şərait yaratmaqdır”.
Politoloq bildirib ki, hazırda regionda kommunikasiya xəttləri uğrunda mübarizə güclənib. Bunlardan ən önəmlisi və stratejik olanı da Zəngəzur yoludur. Zəngəzurda hansı qoşunlarının yerləşəcəyi buranın nəzarətinin kimdə olacağından xəbər verir. Nəzarətin kimdə olması isə öz növbəsində söz sahibinin kim olmasını bəlli edəcəkdir.
“ABŞ Zəngəzur uğrunda mübarizə aparır və faktiki olaraq bu ərazidə nüfuz mübarizəsi gedir. Hazırda ABŞbu addımla bir pillə Rusiyanın qarşısına keçmiş oldu. Amma Rusiya böyük ehtimal bunu cavabsız qoymayacaq. İran-İsrail gərginliyi də davam etməkdədir. Bu gərginliyin fonunda Amerikanın diqqət heç bir halda Cənubi Qafqaza yönələ bilməz. Bir müddət sonra mütləq şəkildə cənub sərhədlərə yönələcək və elə bu zaman Rusiya hərəkətə keçə bilər”.
Turan Rzayev baş verənlərin ABŞ-Azərbaycan münasibətlərinə təsirindən də danışıb.
“Hazırda iki tərəf arasında da faktiki razılıqlar var. Yəni həm Azərbaycan, həm də ABŞ Zəngəzur dəhlizinin açılmasını hər iki tərəf istəyir. Eyni zamanda sülh müqaviləsi məsələsində ABŞ-nin sərgilədiyi mövqe Bakını hələ ki qane edir. Amma təbii ki, biz dəhlizin nəzarətinin xarici ölkədə olmasını prinsipcə qəbul edə bilmərik. Bu, bizim maraqlarımıza uyğun deyil. Böyük ehtimal bu məsələ bir müddət sonra Bakının narazılığına səbəb olacaq. Bu narazılıq bildirilməsə belə, demək ki, Azərbaycan və ABŞ arasında gizli bir saziş var və bu saziş əsasında proseslər gedir”.
Fidan Vəlisoy