Qiymətlər günü-gündən ARTIR - 2024-cü ilin sonuna kimi bu məhsullar...

azerbaycanda-qiymetler-gunu-gunden-artir-2024-cu-ilin-sonuna-kimi-bu-mehsullar-1726142043
|
|

“İnflyasiya qiymətlər indeksinin ümumi göstəricisidir. Buna görə də inflyasiya qiymətlərə deyil, qiymətlər inflyasiyaya təsir edir”.


Bu sözləri Referans.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.




“Ümumiyyətlə, qiymətlərin bahalaşmasının və buna görə də inflyasiyanın yüksəlməsinin ənənəvi səbəbləri var. Bu ənənəvi səbəblər nə qədər ki, aradan qaldırılmayıb mütəmadi olaraq qiymət artımları müşahidə ediləcək. Bunun təsiri altında da biz inflyasiyanın yüksəlişini görəcəyik. Burada səbəblər rəngarəng və çoxsayılıdır. Gömrüyün qeyri-şəffaflığı, idxalın inhisarçılığı, ölkə daxilində istehsalın və satışın inhisarçılığı, sahibkarlıq mühitinin inkişafına mane olan problemlərin olması və s. Bütün bunlar həm istehsalı aşağı salır, həm də keyfiyyətin yüksəlməsinə imkan vermir. Nəticə ondan ibarətdir ki, istehsal azaldıqca məhsul qıtlığı yaşanır, təklif tələbi üstələdikcə qiymətlər də bahalaşır”.


Ekspert qeyd edib ki, qiymət artımının hələ 2024-cü ilin sonuna kimi davam edəcəyi gözlənilir.


“Bu il xüsusi bir il oldu. Əlverişsiz hava şəraiti olduğuna görə kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması bəzi məhsulları üzrə demək olar ki, gerçəkləşmədi. Məsələn, kartof, soğan, qarpız, yemiş və s. müəyyən qədər ucuzlaşdı lakin pomidorun qiyməti isə 1 manat 50 qəpikdən, demək olar ki, enmədi. Azərbaycan pomidor ixrac edən ölkə kimi tanındığı halda bu il ölkəyə pomidor idxal edirdi. Belə faktorlar bahalaşmanı şərtləndirir, bahalaşma isə inflyasiyanı artırır. Buna görə də bu ilin sonuna kimi qiymətlərin baha olaraq qalması, hətta yenə də qiymət artımının baş verməsi və bunun fonunda inflyasiyanın yüksəlməsi gözlənilir”.


“Azərbaycanda qiymət indeksini, əsasən, yerli məhsullar şərtləndirir. İdxal məhsulları isə ona uyğunlaşdırılır. Çünki idxal məhsullarının qiyməti yerli məhsullarla müqayisədə kifayət qədər ucuzdur. Məsələn, 9 manat gömrük dəyəri olan 1 kq Zellandiya yağı Azərbaycan daxilində 24-25 manatdır. Gömrük qiymətindən təxminən 2.5 dəfə çoxdur. Yay ayları ehtiyatların yığım dövrüdür. Əgər bu dövrdə ehtiyatlar yetərincə yığılmayacaqsa, payız və qış aylarında qiymət artımı müşahidə olunacaq”.


Akif Nəsirli vurğulayıb ki, inflyasiyanın artmasında yanacağın qiyməti də müəyyən qədər rol oynayır: “Azərbaycanda yanacağın qiymətinin artmasından əvvəlki dövrdə inflyasiya aylıq olaraq 1.5-2 faiz arasında hərəkət edirdi. Lakin hazırda 3.5 faizdən çox inflyasiya müşahidə edirik. Bu o deməkdir ki, yanacağın qiymətinin artması da inflyasiyaya təsirsiz ötüşməyib” – deyə iqtisadçı fikirlərinə əlavə edib.


Fidan Vəlisoy