Ermənistan SÜLH SƏNƏDİ hazırlayıb: Azərbaycandan ərazisinin RƏQƏMLƏRLƏ TƏSDİQ ETMƏSİNİ İSTƏYİR

ermenistan-sulh-senedi-hazirlayib-azerbaycandan-erazisinin-reqemlerle-tesdiq-etmesini-isteyir-1726570739
|
|
Sentyabrın 16-da Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransı zamanı Ermənistanın Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib.

Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib.

“Bildiyiniz kimi, biz mətnin tam razılaşdırıldığı son nəşrləri təhvil vermişik”, - Mirzoyan xatırladıb və regionda sülhün bərqərar olmasına kömək etdiyinə görə rəsmi Parisə təşəkkür edib.

“Biz SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər çərçivəsində, Almatı Bəyannaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı sazişin razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq”, - deyə Mirzoyan iddia edib.  

Ermənistanın sülh gündəminə sadiqliyi barədə Fransaya hesabat verməsi, regionda Azərbaycanla sülhün bərqərar olmasına kömək etdiyinə görə rəsmi Parisə təşəkkür etməsi və sülhə dair mətinin Fransa ilə razılaşdırması təsadüfi deyil. Son günlər Fransanın Ermənistanla müdafiə sahəsində əməkdaşlıq edəcəyini açıq şəkildə bəyan etməsi, Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün 29 milyon avro vəsait ayırması da boşuna deyil. 

Ermənistanla Azərbaycan arasında sülh sazişinin detallarına qarışan Fransanın niyyətinin nə olduğu məlumdur. Amma, sözügedən razılaşdırılmış sülh mətnində nələrin əksini tapması olduqca maraqlı məqamlardandır. 

Bu haqda Referans.az-a danışan politoloq Natiq Miri bildirib ki, Ermənistan Fransanın göstərişi ilə sülh sənədi hazırlayıb:

"Ermənistan 1991- ci ildə imzalanan Almatı Bəyannəməsinə söykənmək, hər şeyin bu sənəd çərçivəsində həll olunmasını istəyir. Fransa da Ermənistana dəstək verir. Çünki bu dolayısı ilə Ermənistanın maraqlarına uyğundur. Eyni zamanda Ermənistan sülh sənədi imzalanan zaman, hətta çərçivə sazişi olsa belə, bu sənəddə öz ərazisinin rəqəmlərlə ifadəsini istəyir. Nikol Paşinyanın dediyi kimi 27 min 739 kvadrat kilometr ərazinin Ermənistan ərazisi kimi göstərilməsini tələb edir. Azərbaycan isə haqlı olaraq bunu qəbul etmir. Buna görə də Azərbaycanla Ermənistan arasında yaradılan işçi qrupunun  qəbul etdiyi reqlamentdə Almata Bəyannaməsi əsas götürülsə də, gələcək perspektivdə sərhədlərin müəyyənləşməsində ola bilsin ki, müəyyən dəyişikliklər baş versin. Bu Azərbaycanın diktəsi ilə mətnə salınmış fikirdir".

Müsahib deyir ki, bu yolla ərazisinin həcmini sənədləşdirmək istəyən Ermənistan zəmanət alır. Azərbaycan hətta, çərçivə sazişində olsa belə, Ermənistanın ərazi bütövlüyünün həcmini rəqəmlərlə göstərilməsinin əleyhinədir: "Bizim üçün Almatı Bəyannaməsi bütün sərhəd boyunun müəyyənşdirilməsində əsas ola bilməz. Elə ərazilər var ki, həmin ərazilərdə Qazaxın 4 kəndinin geri qaytarılması kimi heç bir problem yaşamayacağıq və sürətlə delimitasiya və demarkasiya baş tutacaq. Ancaq elə ərazilər olacaq ki, Azərbaycan bununla razı olmayacaq. Ona görə də Azərbaycanın tələbi ilə reqlamentdə tələb qoyulub ki, əgər gələcəkdə razılaşılmayan müəyyən məqamlar ola bilərsə, bu məsələyə yenidən qayıdıla bilər. Yəni əl yeri qoymuşuq. Ermənistanın Almatı Bəyannaməsi gözüyumu olaraq Azərbaycan tərəfindən qəbul olunmur. Sadəcə olaraq əsas götürülür. Azərbaycan buna imkan verməyəcək, əmin olsunlar. Fransanın istəyi və tələbi budur. Fransanın istədiyinə nə verirlər ki?! Bu ərazilər Azərbaycanın əraziləridir. bunun üzərində hökm verəcək bir ölkə varsa, o da öz ölkəmizdir".   

"Azərbaycan Ermənistanın konstitutsiyasındakı ərazi iddiasını aradan qaldırmasını istəyir. Ermənistanın iddia etdiyi kimi, bu ölkənin ərazi bütövlüyünün rəqəmlərlə ifadə məsələsi sülh sənədində qeyd oluna bilməz. Ona görə ki, sərhədlərin delimitasiya və demarkasiyası hələ bitməyib. Bu uzun illər davam edəcək prosesdir. Bitməyən prosesdə Ermənistanın özünü bəribaşdan zəmanətə alması Azərbaycanın maraqlarına necə  uyğun ola bilər?!", - deyən politoloq bu kimi məsələlərin həllini tapmadıqca Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmayacağını bildirib.  

Natiq Miri deyib ki, ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı da təxminən sözügedən xarakterli idi: "Fikir versəniz, Azərbaycan Prezidentinin cavabında birmənalı vurğular var. Konkret Ermənistandan tələblər var və sözügedən tələblər yerinə yetirildiyi təqdirdə, sülhə hazırıq. Ermənistan hələlik buna getmir, getməyəcəksə, sülh də olmayacaq".  

Şəlalə Babayeva