"Əməkhaqqı və pensiya ilə bağlı ikirəqəmli artım təklif edirik"

emekhaqqi-ve-pensiya-ile-bagli-ikireqemli-artim-teklif-edirik-1727864604
|
|

Əməkhaqqı və pensiya artımı ilə bağlı təkliflər hazırlanıb. 

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək.

Bu haqda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılması ilə bağlı göstəriş verildiyini bildirib.

Əməkhaqqı və pensiya artımı ilə bağlı hansı təkliflərin olması maraqlı məqamlardandır. 

Referans.az-a danışan iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqı və pensiya ilə bağlı təkliflər Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanır. Nazirlik tərəfindən təkliflər təqdim olunduqdan sonra ictimai müzakirəsi və eyni zamanda dövlət qurumları tərəfindən rəyin təqdim olunması həyata keçiriləcək. O cümlədən, Maliyyə nazirliyi tərəfindən fiskal əsaslandırma da bu istiqamətdə vacib məqamlardandır. Ona görə də mövcud qanunvericiliyə əsasən artımlarla bağlı təkliflər məhz hökümət və Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanır".

Millət vəkili bildirib ki, Parlament üzvlərinin təklifi həm minimum əməkhaqqı, həm də pensiyada ikirəqəmli artımın həyata keçirilməsi ilə bağlıdır: "Hələlik konkret rəqəmlər yoxdur. Nazirliyin təkliflərindən sonra bu istiqamətdə müzakirələr gedəcək. Nəzərə alsaq ki, minimum əməkhaqqı sonuncu dəfə 2023 - cü ilin yanvar ayından etibarən artırılıb, ona görə ötən ildə qeydə alınan illik inflyasiya səviyyəsi nəzərə alınmaqla, əməkhaqqı artımının həyata keçirilməsini təklif edirik. Bu  ikirəqəmli əməkhaqqı artımlarıdır. Dəqiq rəqəmlər sözügedən nazirlik tərəfindən təkliflər təqdim olunduqdan sonra bilinəcək". 

Şəlalə Babayeva