DİQQƏT! Əsgəranda Sement zavodu işə başladı - Yerli inşaat sahəsində qiymətlər ucuzlaşacaqmı?

diqqetesgeranda-sement-zavodu-ise-basladi-yerli-insaat-sahesinde-qiymetler-ucuzlasacaqmi-1730113856
|
|

Ümumiyyətlə son illər ərzində Azərbaycanda tikinti materiallarının istehsalı kəskin şəkildə artmaqdadır. Bu günlərdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, Əsgəranda sement zavodu fəaliyyətə başlayıb. Beləki, Xocalı rayonunun Əsgəran qəsəbəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin həmtəsisçisi olduğu “Shahbulag Mining” MMC daha bir layihənin icrasına başlayıb. İnşaat sektorunda bu kimi yerli müəssisələrin fəaliyyətə başlaması tikinti materiallarının qiymətinə necə təsir edə bilər? İnşaat materiallarının qiymət artımının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti nədir? Həmçinin bu artım əmlak bazarındakı qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?


Bu mövzu ilə bağlı iqtisadçı ekspert Elnur Fərzəliyev Referans.az -ın suallarını cavablandırarkən bildirib ki,  son 30 ildə Azərbaycanda, paytaxt Bakı və digər böyük şəhərlərdə kütləvi şəkildə tikinti işlərinə start verildi. Bu günə qədər ölkəmizdə bir milyondan artıq mənzil inşa olunub. Həmçinin bu mənzillərin müəyyən bir hissəsi də vətəndaşların öz şəxsi hesabları ilə inşa edilib. 

Həmçinin ekspert onu da deyib ki, ölkəmizdə istifadə olunan tikinti materiallarının bir hissəsi xarici ölkələrdən gətirilir. Lakin bu sahədə yerli istehsal da həddən artıq çoxdur. 2020- ci ildən başlayaraq işğal altında olan torpaqlarımızda kütləvi şəkildə tikinti bərpa işləri sürətlə davam edir. Həmin ərazilərimiz inşaat istehsalı üçün olduqca yararlıdır.  İşğaldan azad edilən ərazilərimizdə 140 adda təbii sərvət mövcuddur. Həmin təbii sərvətlərin bir çox hissəsi də təbii ki, tikinti materiallarına daxildir. İstər Ağdam daş karyerləri istər sement zavod və ya həmin yerlərdəki bol sulu çayların çınqılların da beton istehsalı üçün əhəmiyyəti var. 


Elnur Fərzəliyevin qənaətinə görə yerli istehsalın sayı artıqca nəticədə Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Bundan başqa xarici ölkələrdən ölkəmizə gətirilən tikinti materiallarının qarşısı təbii üsullarla alınacaq. Bununla belə bəzi tikinti materialları var ki, o materiallar məcburi şəkildə ölkəyə gətirilir. Misal üçün taxta məmulatlarını qeyd edə bilərik. Taxta məmulatları dünyanın əksər ölkərinə əsasən Rusiyadan göndərilir. Həmçinin dəmir və digər materialları da qeyd edə bilərik.


"Təbii ki, Azərbaycanda İnşaat materiallarının yerli istehsalı nə qədər çox olarsa bu bir o qədər də iqtisadiyyatımız üçün faydalı olacaq.  Bu həm böyük maddi gəlirlər həm də yeni iş yerlərinin açılması deməkdir. Həmçinin ölkədaxili istehsal olunan məhsulların qiymətlərində də xaricdən gələn məhsullarla müqayisədə kifayət qədər fərqlərin də olması mümkündür. Çünki daşıma və digər xərclərə görə yerli istehsal məhsulları daha ucuz və daha münasibdir",-deyə ekspert əlavə edib.



Bünyamin Bünyadzadə

Referans.az