Arvadını bıçaqlayan şəxsin məhkəməsi: "Onun başqa qızla yazışdığını gördüm" - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə 29,120.2.4-cü maddəsi üzrə təqsirləndirilən şəxs Elməddin Üzeyir oğlu İsmayılovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Referans.az unikal-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs Elməddin İsmayılov sərbəst ifadə verib:
"Yoldaşıma 3 bıçaq vurmuşam, ekspert 9 bıçaq yazıb. Hadisə vaxtı özümdə olmamışam, günah məndə olub. Yoldaşım mənim telefonumda mesencerdə qızla danışığımı tutub. Mən işdə idim, həmin yazışmanı skrin edib mənə atdı. Mən də dedim ki, bir də belə şey olmaz. Amma aramızda mübahisə bitmədi. Mən işdən çıxıb kafedə spirtli içki olan pivə içdim, gəldim evə. Aramızda mübahisə oldu, bıçağı götürüb qarnına vurdum. Ani oldu, gördüm əllərim qanın içindədir. Həmin vaxt evdə qonşuluqda yaşayan qaynımın arvadı da var idi. O da hadisəni görüb qışqırırdı. Əvvəlcə təcili yardıma zəng vurdum, sonra getdim iş yerimə, orada dedim ki, belə bir cinayət eləmişəm. Sonra polis çağırdılar.
Hakim təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan Elməddin İsmayılovun ilkin ifadəsi elan olunub. Məlum olub ki, Elməddin İsmayılov ilkin ifadəsini oxumamış imzalayıb.
Sonra cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Xatın İsmayılova ifadə verərək bildirib ki, həyat yoldaşını bağışlayıb:
"Hər bir insanın həyatında belə bir hadisə olur. Elməddinin mesencerini yönləndirmişdim öz nömrəmə. Gördüm o başqa qızla yazışır. Hadisə olan gün qardaşımın yoldaşı ilə uşaqlarımı həyətdə gəzdirirdim. Gəldim evə, gördüm ev dağınıqdır, Elməddin paltarlarını yığışdırıb getmək üçün. Biz gördük Elməddin oturub pilləkəndə. Mən uşağı yelləyirdim yatırtmaq üçün otaqda, çevriləndə gördüm Elməddin bıçaqla dayanıb başımın üstündə. Vurduqdan sonra otaqda sürüdü məni.
Ekspert bıçaq xəsarətləri ilə bağlı nə varsa, onunla bağlı rəy verib. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şikayətim yoxdur, uşaqlarımın atasıdır, mənə pis həyat yaşatmayıb. Qorxuram ki, həbsxanadan çıxar gələr, yenə mənə xəsarət yetirər".
Məhkəmə prosesi noyabrın 26-na kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə bu il iyunun 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Xatın Ehtiram qızı İsmayılova həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.