Paytaxtın bəzi ərazilərində kirayə mənzillər BAHALAŞDI - Bu tarixdən qiymətlər ucuzlaşacaq...

paytaxtin-bezi-erazilerinde-kiraye-menziller-bahalasdi-bu-tarixden-qiymetler-ucuzlasacaq-1730291681
|
|

Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirə artıq sayılı günlər qalıb. Tədbiri əhatə edəcək təxminən 10 gün ərzində ölkəyə gələcək xarici vətəndaşları, tədbir iştirakçılarının yerləşdirilməsi üçün otellərdə ayrılan yerlərlə yanaşı kirayə mənzillər də nəzərdə tutulub.


Elə bir müddət əvvəl də mötəbər tədbir çərçivəsində ölkəyə gələcək kütləvi qonaqları yerləşdirmək üçün bir gecəlik qonaqlama ödənişini bir göz qırpımında 4 dəfəyə qədər bahalaşdıran Bakı otellərində yetərincə potensial olmaması və buna görə də kirayə mənzil qiymətlərində də artımın olacağı ekspertlər tərəfindən proqnozlaşdırılırdı.


Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında kirayə mənzil bazarında hazırki vəziyyətlə bağlı danışıb.




“Hər il avqust ayında tələbələrin axını başlayır. Bu tendensiya sentyabrın axırı, oktyabrın əvvəlinə kimi mövcud olur. Bu zaman dilimində qiymətlər fantastik qalxır. Bu dövr həm də təkliflərin azalması ilə səciyyələnir. Bu il isə xüsusilə, tələbələrin problemi bitməmiş COP29-la bağlı tələbatın artması dakirayə mənzil bazarında qiymətlərə təsir etdi. Otellərdə yer çatışmazlığı səbəbilə aidiyyatı qurumlar özəl sektordan mənzil kirayələməyə başladılar. Bu, cəmiyyətdə kirayə mənzilləri bahalaşacağı ilə bağlı bir balaca ajiotaj yaratdı. Lakin bu məsələ təmamilə coğrafi xarakter daşıyır, yəni bütün daşınmaz əmlak sektorunu əhatə etmir”.


Ekspert qeyd edib ki, bahalaşma ilə əlaqələndirilən COP29 beynəlxalq tədbirinə bir neçə həftə qalmasına baxmayaraq, kirayə mənzil bazarında tələbat o qədər də yüksək deyil. Bu baxımdan fantastik bahalaşma gözlənilmir.


“Kirayə mənzil bazarından COP29 üçün mənzillər seçilərkən həddindən çox kriteriyalar nəzərə alınır. Əvvəlcə həmin tədbirlərin keçiriləcəyi mərkəzi ərazilərə yaxın mənzillər seçilir, eyni zamanda seçilmiş otellərin ətraf ərazilərində yerləşən mənzillərə üstünlük verilir. Həmçinin yalnız yeni inşa olunmuş yaşayış komplekslərindən bu mənzillər seçilir”.


Elnur Azadov son olaraq vurğulayıb ki, sadalanan kriteriyalara uyğun olan kirayə mənzillərin qiymətlərində hazırda 20-30 faiz bahalaşma müşahidə olunur. Xüsusi əraziləri əhatə edən qiymət artımı yalnız tədbir günlərini əhatə edəcək.

 

Fidan Vəlisoy