Ödəniş üçün terminallardan istifadə edənlərin NƏZƏRİNƏ: Bu halda ÖDƏNİŞİNİZ ÜNVANA ÇATMAYA BİLƏR
Ödəmə terminalları kredit, kommunal, mobil, nəliyyat və s. xidmətlər üçün ödənişlərin edilməsində olduqca faydalıdır. Bu terminallar sayəsində vətəndaşların işi asanlaşır, əlavə vaxt itirməyə ehtiyac qalmır.
Bəs belə terminallardan oğurluq edilən zaman vətəndaşların etdikləri ödənişlər ünvanına çatmadıqda məsuliyyəti kim daşıyır?
Bu sualı hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında cavablandırıb.
“Ödəmə terminalları vətəndaşla müvəkkil bankların bir-birini əlaqələndirməsi üçün nəzərdə tutulmuş bir vasitədir. Vətəndaş tərəfindən ödənilən pulların ödəmə terminalları vasitəsilə müvəkkil bankların çatdırılmasına həmin ödəmə terminalının aid olduğu hüquqi şəxs cavabdehlik daşıyır. Əgər hansısa oğurluq hadisəsi baş vermiş olarsa və bununla bağlı vətəndaşın pulları aidiyyatı üzrə kredit ödənişlərinə və ya digər yerlərə gedib çatmazsa, burada əsasən iki fakt mövcud olur.
Hüquqşünas bildirib ki, baş verən belə bir hadisə ilk olaraq cinayət faktoru yaranır.
“Vətəndaş ödənişin yerinə çatmaması ilə bağlı əlindəki çeki hüquq-mühafizə orqanlarına təqdim etməklə ödənişin oğurlanması ilə bağlı şikayət edir. Aidiyyatı üzrə həmin ödəmə terminalının məxsus olduğu hüquqi şəxsə də bununla bağlı xəbərdarlıq məktubunu öz tərəfindən göndərir ki, ödəmənin baş verməsi ilə bağlı cinayət hadisəsi baş verib. Ödəmə terminalının məxsus olduğu hüquqi şəxs də vətəndaşla birgə zərərçəkən şəxs qismində hüquq-mühafizə orqanına müraciət edir. Digər tərəfdən isə mərkəzi kredit reysterində vətəndaşın adına yaranmış gecikmələr əgər sübut olunarsa ki, vətəndaşln burada heç bir günahı yoxdur və əlindəki çek məsuliyyətli davranışının göstəricisidir. Nəticə etibarı ilə müvafiq ərizə ilə Azərbaycan Kredit Bürosuna müraciət etməklə adına olan gecikmənin ləğv olunmasını tələb edə bilər. Əgər onlar bu tələbi yerinə yetirməkdən imtina edərsə, öhtəliyin həmin icra orqanının üzərinə qoyulması üçün müvafiq qaydada İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə inzibati məhkəmələrə də müraciət edə bilərlər”.
Ramil Süleymanov son olaraq qeyd edib ki, ikinci məsuliyyət isə mülki məsuliyyətdir. Vətəndaş onun pulunun oğurlanmasına səbəb olan bankı və ya ödəmə terminalının məxsus olduğu hüquqi şəxsi düzgün mühafizə və idarəçilik sistemi qurmaması səbəbindən ona dəymiş zərər baxımından mülki qaydada məhkəməyə verərək ödədiyi pulu geri tələb etmək hüququ var.
Fidan Vəlisoy