Paşinyandan erməniləri qəzəbləndirib Türkiyəni sevindirən paylaşım – FOTO

pasinyandan-ermenileri-qezeblendirib-turkiyeni-sevindiren-paylasim-foto-1731756039
|
|

  Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabındakı son paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Referans.az xəbər verir ki, baş nazir Araqatsın (Alagöz dağı) fotosunu paylaşaraq hündürlüyünün 4090 metr olduğunu qeyd edib və onu Ermənistanın ən hündür dağı adlandırıb.

Bu paylaşım sosial şəbəkələrin erməni seqmentində və yerli mətbuatda narazılığa səbəb olub.

Belə ki, Ermənistanda uzun illərdir ölkənin ən hündür zirvəsi Ararat (Ağrı dağı) olaraq qəbul edilir. Maraqlıdır ki, Türkiyə ərazisində yerləşən və Ermənistan ərazisində sadəcə uzaqdan görünməsi mümkün olan dağ ermənilərin tarixi simvollarından biri kimi qəbul edilir.

Nikol Paşinyan isə ötən ilki çıxışlarında Ermənilərin Ağrı dağına baxışının dəyişdirilməli olduğunu bildirmişdi. Baş nazir gerbdə yer verilən dağın ölkənin ərazisində olmadığını, bunun Türkiyəyə ərazi iddiası kimi qəbul edildiyini söyləyib. O, dəfələrlə tarix kitablarında ölkənin ən hündür dağının Ararat deyil, Araqats olaraq verilməsini, uşaqlara da bunun öyrədilməsini təklif edib. Həmçinin parlamentin sədri Alen Simonyan da bənzər fikirlə çıxış edib.

 
Hakim “Mülkü müqavilə” fraksiyasının Milli Asambleyada son çıxışı zamanı da Paşinyan Araqats dağının Ermənistan üçün mənasını vurğulayıb, Araratın onlara aidiyyatının olmadığını bildirib. Onun bu çağırışları Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ağrı dağının “erməni tarixi”ndən silinməsi təşəbbüsü kimi qiymətləndirilir.

Həmçinin, noyabrın 7-də Türkiyə-Ermənistan sərhədində iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında gizli görüşün keçirildiyinə dair məlumatlar yayıldı. İddialara görə, tərəflər sərhəddə dəmir yolu xəttinin bərpasını, o cümlədən, Ankara-İrəvan əlaqələrini müzakirə ediblər. Paşinyanın bu xəbərdən sonra Araqatsla bağlı paylaşımı ölkənin müxalif siyasi dairələrində narahatlığa səbəb olub./Globalinfo.az