Zirəddin özü haqda elə şeylər danışdı ki… – Ekstrasensdən həyatı haqda maraqlı açıqlamalar

zireddin-ozu-haqda-ele-seyler-danisdi-ki-ekstrasensden-heyati-haqda-maraqli-aciqlamalar-1734021909
|
|

  Son illər ölkədə müxtəlif sahələrdə ekspertlər yetişir. Lakin ekstrasenslər arasında miqyaslı və həddən artıq populyar şəxslərin ortaya çıxması müşahidə edilmir. 

Bütün cəmiyyətlərdə bu kateqoriyadan olan insanlara, onların açıqlamalarına maraq daha çox olur. Azərbaycanlılar da müxtəlif proqnozlar verən insanların dediklərinə həssas yanaşırlar.

Son illər Rusiyada yaşayan ezoterik, ekstrasens Zirəddin Rzayevin səviyyəsində ekstrasenslərin yetişdiyini görmürük. Sosial şəbəkə üzərindən öz xidmətlərini təqdim edən, proqnozlarını açıqlayan şəxslər olsa da, onlar brendə çevrilə, ciddi məşhurluq əldə edə bilmirlər. Bunun səbəbi nədir?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan Zirəddin Rzayev onun üçün bu sualı cavablandırmağın böyük məsuliyyət tələb etdiyini deyib.

Onun sözlərinə görə, xalqın gözü tərəzidir:

“Bu sualın cavabını xalqın adından deməyim yanlış addım olardı. Xalqın gözü tərəzidir, mən bu kriteriyalar üzərində dayanıram. “Boş qazan həmişə səs çıxarar” deyiblər. O cümlədən də qazan olmaq niyyətim yoxdur (gülür). Heç vaxt özümü kiminləsə müqayisə etməmişəm, “kimsə” olmaq da istəməmişəm. Düşünürəm ki, Mövlana Cəlaləddin Ruminin dediyi kimi, hər kəs özü olmalıdır. Mən ali təhsilli kliniki psixoloqam, görkəmli Sovet və Azərbaycan alimi Ramiz Məmmədzadədən, psixologiya elmləri doktoru, professor Kərim Kərimovdan, Qulam Əzimov kimi alimlərdən dərs almışam. Əbdül Əlizadənin, Əkbər Bayramovun kitabları ilə yaşamışam. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin mükafatına layiq görülmüşəm. Rusiya Dövlət Dumasının deputat köməkçisi, İctimai Palatanın Komissiya üzvüyəm. Ezoterik sahə ilə yanaşı ictimai-siyasi fəaliyyətimi də davam etdirirəm. Rusiya İctimai Palatasından tez-tez beynəlxalq forumlarda iştirak edirəm. Bədii yaradıcılıqla da məşğul oluram, ana dilimdə klassik və bədii ədəbiyyat sahəsində qəzəllər və şeirlər yazıram. Pianino, skripka kimi musiqi alətlərində ifa edirəm, arada dostlarımla olduğum məclislərdə mahnı oxuyuram. Bunları qeyd etməkdə məqsədim öyünmək deyil, əstəğfürullah. Zirəddin Rzayev olduğum kimi görünməyi üstün tutur”.

 O, kiməsə cavab verməyi özünə yaraşdırmadığını bildirib:

“Mənim bir şüarım var – həmişə özüm kimi olmaq. Qoy başqaları özlərini sənə bənzətsinlər, həmişə sənin haqqında danışsınlar, müzakirə etsinlər, sevsinlər, tənqid etsinlər. Mən zirvədən deyil, olduğum məqamdan aşağı düşüb kiməsə cavab verməyi sevmirəm. Bundan əlavə həmişə dahi şəxslərlə fəxr etmişəm, öyünmüşəm. Məsələn, Azərbaycanın canlı dahisi, böyük rəssam və filosof Sakit Məmmədov mənim qürur duyduğum bir şəxsiyyətdir. İndiyə kimi Azərbaycan tarixində beynəlxalq səviyyədə belə bir dahi rəssam görməmişik. Rusiyanın özündə də Səfər Həmidov kimi məşhur həkim professorumuz var. Belə misallar çoxdur, sadəcə, onu demək istəyirəm ki, hər şəxsiyyət öz məqamında fərdidir, mükəmməldir. Ümumiyyətlə, şairlər kimi fövqəladə güc sahibləri də nadir incilərdəndir. Nəinki Azərbaycan, hətta dünyada belə yetişmir”.

Ekstrasensin fikrincə, istedadlı, fenomen şəxslər 100-300 ildən bir yetişirlər:

“Azərbaycanda zamanında hörmət etdiyim dahi fenomen rəhmətlik şəhid Etibar Elkin idi. Təəssüf ki, onu 90-cı illərdə müəmmalı şəkildə iki oğlu birlikdə qətlə yetirdilər. Zəlimxan Yaqub ruhlu şairlər də nadir hallardan biridir. O da işıqlanmış şəxslərdən biri olub. Ümumiyyətlə, haqq şairləri, rəssamları, yazıçıları və digər sahələrdə olan fenomenlər bu fani dünyaya az-az gəlirlər”.