Kelloqdan pis xəbər – Bakı dərhal hazırlığa başlamalıdır
ABŞ-ın yeni administrasiyası neftin ucuzlaşmasına yönəlmiş addımlar atmağı planlaşdırır. Lakin iqtisadçı ekspert Natiq Cəfərli, bu prosesin dərhal baş verməyəcəyini bildirib.
Referans.az bildirir ki, Axar.az-a açıqlamasında Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun neftin qiymətini 45 dollara salmaqla bağlı mövqeyini şərh edib.
Cəfərlinin sözlərinə görə, Tramp neftin qiymətinin aşağı olmasını istəyir və buna nail olmaq üçün ABŞ-da neft istehsalını artırmaqla yanaşı, ərəb ölkələrini də istehsalı artırmağa məcbur etməlidir. Lakin bu addımların nəticə verməsi zaman alacaq və ən azı 6-8 ay çəkəcək.
Ekspert bildirib ki, aşağı neft qiymətləri Rusiyaya ciddi təsir edə bilər, lakin bu təsirin müddətindən asılıdır: "Əgər neftin qiyməti 3-4 ay aşağı səviyyədə qalsa, Rusiyaya ciddi təsir etməz. Amma qiymətlərin 2-3 il ərzində aşağı qalması Rusiya iqtisadiyyatına ağır zərbə vura bilər."
Azərbaycan iqtisadiyyatı da neft qiymətlərinin təsirindən kənarda qala bilməz. Cəfərli qeyd edib ki, ölkə büdcəsi 70 dollar qiymətində neft əsas alınaraq hazırlanıb. "Neftin qiyməti 70 dollardan aşağı, xüsusən də 45 dollara düşərsə, bu, Azərbaycanın iqtisadiyyatına ciddi təsir göstərə bilər", - ekspert vurğulayıb.
O, həmçinin qeyri-neft sektorunun inkişafı üçün sürətli addımların atılmasının vacibliyini qeyd edərək, yerli biznesin inkişafı üçün yeni vergi və gömrük güzəştləri tətbiq edilməli olduğunu bildirib.