Prezident göstəriş verdi - Bakı nəqliyyatında böyük dəyişiklik olacaq
Dünən ölkə başçısı İlham Əliyev nəqliyyat məsələləri üzrə müşavirədə bildirib ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Həmçinin dövlət başçısı onu da qeyd edib ki, nazirliyə göstəriş vermişəm, proqram hazırlanır.
Nəqliyyat məsələləri üzrə ekspert olaraq fikrinizcə yaxın gələcəkdə Bakıda nəqliyyatla bağlı başlıca hansı dəyişikliklər gözlənilir? Ümumiyyətlə paytaxtımızın nəqliyyat sistemi ilə konkret olaraq hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Referans.az - a açıqlamasında bildirib ki, nəqliyyatla bağlı yeni proqramda yol infrastrukturunun optimallaşdırılması, nəqliyyatın şaxələndirilməsi o cümlədən də ictimai nəqliyyatda sərnişindaşımanın daha təhlükəsiz və keyfiyyətli səviyyəyə çatdırılması istiqamətində müəyyən müddəalar yer alacaqdır. Qeyd edildiyi kimi bu daha geniş bir proqram olacaq. Buna bənzər bir proqram Azərbaycanda Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı var idi. Həmin proqramda qəzaların sayının azaldılması əsas götürülürdü. O proqram 2019-2023- cü illəri əhatə edən nəqliyyatla bağlı bir çox müddəalardan ibarət idi. Çox güman ki, həmin müddəalar da yeni proqrama əlavə edilə bilər.
Eldəniz Cəfərov eyni zamanda avtonəqliyyat sahəsinin iqtisadiyyatın aparıcı sahələrindən biri olduğunu da diqqətə çatdırıb. Bu səbəbdən də dövlətin nəqliyyat sisteminə maraq göstərməsi də labüddür.
Ekspert həmçinin Bakı və Bakıətrafı ərazilərdə avtomobil tıxaclarının həlli barədə də məsələyə münasibət bildirib. Müsahibimiz hesab edir ki, bu proqramda avtomobil tıxaclarından qurtulma yolları da göstəriləcək. Təbii ki, tıxacların yaranma səbəbləri ilə bağlı da müddəalar da olacaqdır. Daha sonra isə güman etmək olar ki, Bakı və Bakıətrafı zonalarda şəhərsalma və tikinti məsələlərində də nizam-intizamın yaradılması və sərt qaydalarının tətbiqi də reallaşacaq. Həmçinin parklanma məsələsi də ciddi problemlərdəndir. Məhz tıxacın səbəblərindən biri də budur. Görünür ki, nəqliyyatda nizam-intizama nail olmaq üçün müəyyən müddəalar yeni proqramda öz əksini tapacaqdır.
"Bu proqramın qəbul edilməsi paytaxt və ətraf ərazilərdə nəqliyyatın daha sərbəst hərəkətinin təşkili, yolların avtomobil ötürücülük qabiliyyətinin artırılması və yeni körpülərin hətta tunellərin inşası da mümkün olacaq . Ümumilikdə bütün bunlar Bakıda hərəkətin daha rəvan və sərbəst olmasına rəvac verəcəkdir", - deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə