Avropada erməni yüksək vəzifəyə təyin edildi – Azərbaycana qarşı məkrli plan
Ermənistan Milli Assambleyasının “Mülki müqavilə” fraksiyasının deputatı Arusyak Culhakyan Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib. Bunun Azərbaycanla münasibətlərə necə təsir edəcəyi isə sual doğurur.
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ermənilər hər fürsəti Azərbaycana qarşı müharibəyə çevirməyə çalışırlar:
“Azərbaycana qarşı bu vəziyyətdən də istifadə etməyə çalışacaqlar. AŞPA-nın qeyri-obyektiv mövqeyi, nizamnamə prinsiplərinə zidd hərəkətləri hər kəsə məlumdur. AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyəti ilə bağlı pozitiv qərar qəbul edilmir, addımlar atılmır. Ona görə, Culhakyanın vitse-prezident seçilib-seçilməməsi AŞPA-da heçnəyi dəyişməyəcək. Lakin anti-Azərbaycan ritorikasını gücləndirəcək. AŞPA çoxdan insan hüquqları üzrə ixtisaslaşmış orqan kimi öz obyektivliyini itirib, qərəzli mövqedən çıxış edir. Qərb imperializmini milli dövlətlər üzərində təzyiq vasitəsinə çevirib. Culhakyan xüsusi məqsədlər üçün bu vəzifəyə təyin edilib. Bu, Azərbaycana qarşı daha radikal mövqedən çıxış etməyə imkan yaradır.
AŞPA sevinsin ki, Azərbaycan onunla əməkdaşlıq edir. Heç bir ölkə ərazi bütövlüyünü bərpa etməklə, bir milyondan çox insanın hüquqlarını bərpa etməklə Avropada insan hüquqlarına bu qədər töhfə verməyib”.