Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK 

bu-sexslere-avtobus-ve-metroda-guzest-oluna-biler-azerbaycanda-ilknbsp-1738308470
|
|

  Nəqliyyat eksperti Elməddin Muradlı Globalinfo.az-a açıqlamasında deyib ki, vətəndaşlara gedişhaqları ilə bağlı jest edilməlidir.

Sitat: “Məsələn, müharibə iştirakçıları, fiziki məhdudiyyətli şəxslər, şəhid ailələri, məktəblilər, tələbələr, təqaüdçülər və s. bunlara müəyyən güzəştli kartlar verilə bilər. Ümumiyyətlə, tutaq ki, bir adam aylıq kart üçün 40 manat ödəyirsə, gedib onu illik əldə edəndə misal üçün 30 manata ala bilər. Belə olanda da vətəndaş illik kart almağa üstünlük vermiş olacaq. Tələbələr və s. üçün güzəştli kart məsələləri müzakirə olunur. Bunlar artıq öz təsdiqini tapmalıdır. Buna ehtiyac var”.

Daha öncə də bu təklif səsləndirilmişdi. Xatırladaq ki, sovet vaxtı və müstəqilliyin ilk illərində bəzi kateqoriyadan olan insanlar ictimai nəqliyyatdan pulsuz istifadə edirdilər. Tələbələr, jurnalistlər, əmək və müharibə veteranları, Qarabağ, Çernobıl əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları və b. xüsusi kartlar göstərərək, metro, tramvay, avtobus və trolleybus xidmətindən ödənişsiz yararlanırdılar.

Yenidən bu sistemə keçə bilərikmi?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Razi Nurullayev ictimai nəqliyyatda güzəştlərin tətbiqi barədə deputatlar tərəfindən dəfələrlə təkliflərin irəli sürüldüyünü bildirib.

O, özünün də bununla bağlı bir neçə dəfə hökumətə səsləndiyini deyib:

“Əslində, buna getmək olar. Məsələn, müəyyən insanların güzəştə ehtiyacı var. Dünya praktikasında da bu tətbiq olunur. Qonşu ölkələrdə güzəştlərin olması ilə bağlı faktlar və müəyyən bir təcrübə var. O təcrübə Azərbaycanda tətbiq oluna bilər. Eyni zamanda bizim ölkəmizdə də ənənə olub. Hələ sovetlər vaxtında müəyyən kateqoriya insanlar ictimai nəqliyyatda güzəştli kartlardan istifadə edirdilər. Hətta hava limanında, dəmir yolu vağzallarında da onlara biletlərin alınmasında müəyyən məbləğdə güzəştlər edilirdi. Hazırda bu cür imtiyazlı insanlar ölkəmizdə var”.

Deputat ilk növbədə tələbələrin bu sahədəki problemlərini qabartmaq istədiyini vurğulayıb:

“Birinci növbədə tələbələrə nəqliyyat xərcləri ilə bağlı güzəştlər edilə bilər. Məsələn, tələbələr müəyyən məbləğdə ödəniş edər və ya güzəştli kartlar əldə edə bilərlər ki, orada da ödəniş məbləği az olar. Bununla bağlı hər hansı bir yolun tapılması mümkündür. Regionlardan Bakı şəhərinə təhsil almaq üçün gələnlər çoxdur. Nəqliyyat xərci onlar üçün əlavə yükə çevrilir. Çünki qazancları azdır. Ümumiyyətlə, müxtəlif ölkələrdə tələbələrə təqaüd şəklində nələrsə edilir. Bunlar bizdə də tətbiq olunarsa, çox fayda verər. Eyni zamanda fiziki məhdudiyyətli insanların da nəqliyyatdan güzəştli istifadə etməsi vacib şərtlərdən biridir”.

Globalinfo.az xatırladır ki, şəhid ailələrinin, qazilərin, müəllimlərin də nəqliyyatdan pulsuz və ya güzəştli şərtlərlə istifadə etmələri haqda indiyə kimi bir neçə dəfə təklif verilib. Bunun üçün büdcədə dəyişikliklərin edilməli olduğu bildirilir.