XƏBƏRDARLIQ! Bu tarixdən hava KƏSKİN DƏYİŞİR - Temperatur 6-10 dərəcə enəcək, qar yağacaq...
Bəzi proqnozlara, eləcə də mobil telefonlarda olan həftəlik hava proqnozlarına görə, fevralın 6-dan etibarən Azərbaycan ərazisində havanın kəskin soyuyacağı gözlənilir.
Nəzərə alsaq ki, yanvar ayı boyunca hava normal hətta qış fəslinə xas olmayan tərzdə keçib.
Qışın sonuna doğru havanın bu qədər soyuması gözləniləndir? Ölkə ərazisində soyuq hava nə qədər davam edəcək?
Bu sualları meteroloq Cavidan Əliyev Referans.az-a açıqlamasında cavablandırıb.
“Yanvar ayı boyunca hava şəraitinin mülayim keçməsinin səbəbi İslandiya minimumunun həddindən artıq çox aktiv olmasıdır. Bu da qərb köçürmələrinin qüvvətlənməsinə gətirib çıxarmışdır. Yəni qərbdən gələn mülayim və rütubətli hava kütlələri ölkəmizə şimaldan daxil olan soyuq hava kütlələrinin qabağını kəsmişdir. Məsələn, Sankt-Peterburqda, Moskvada temperatur 5-10, hətta 15 dərəcə normadan yüksək olmuşdur. Lakin yaxın günlər ərzində arktik antitsiklonun güclənməsi ilə əlaqədar, eyni zamanda Aralıq dənizi ərazisində tsiklonun əmələ gəlməsi ölkəmizdə hava şəraitinin pisləşməsinə səbəb olacaq”.
Meteroloqun sözlərinə görə, yaxın günlərdə ölkə ərazisində hava şəraiti yağıntılı keçəcək və temperatur ötən günlərlə müqayisədə 6-10 dərəcə aşağı düşəcək.
“Növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq yağış tədricən sulu qara və qara çevriləcək. Bu hava şəraitinin davamlı olacağı gözləniləndir. Prosesin 5-6 gün davam edəcəyini proqnozlaşdıra bilərik”.
Cavidan Əliyev son olaraq qeyd edib ki, fevral ayı həm təqvim, həm də coğrafi baxımdan qış ayı olduğuna görə bu ay ərzində temperaturun düşməsi təəccüblü deyil. Mart ayının 22-nə qədər davam edən aşağı temperaturu, sulu qar və qar yağıntısını normal qəbul etmək lazımdır.
Fidan Vəlisoy