DİQQƏT! Ramazanda oruc tutanlar üçün su və qida necə olmalıdır? - Həkim AÇIQLADI

diqqet-ramazanda-oruc-tutanlar-ucun-su-ve-qida-nece-olmalidir-hekim-aciqladi-1740736900
|
|

Məlum olduğu kimi, martın 2- si tarixindən Ramazan bayramı başlayacaq. Həmçinin insanların bir çoxu oruc tutduğu üçün gündəlik maye qəbulunda da məcburi olaraq dəyişikliklər olur. Su və qidalardan düzgün istifadə edilməməsi insan orqanizmi üçün fəsadlara yol aça bilər. Beləliklə Ramazan ayı ərzində oruc tutan şəxslər su istehlakında nələrə diqqət etməlidir?  


Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova Referans.az-ın suallarını cavablandırıb. Həkim bildirib ki, Müqəddəs Ramazan bayramında düzgün oruc tutmağın insan orqanizminə çox müsbət təsriləri var. Amma çox təəssüflər olsun ki, qaydalara əməl olunmadıqda bir sıra problemlər müşahidə olunur. Mən hər zaman hesab edirəm ki, Tibb elmi ilə din bir - birinə çox yaxındır. Bu yaxınlığı Ramazan bayramının qaydaları da əyani formada sübut edir.  Məlumdur ki, dini nöqteyi-nəzərdən Ramazan ayının öz qaydaları var.  Bilirik ki, sübh namazından sonra imsak - yəni səhər yeməyi yeyilir. Bir də günün sonuna yaxın iftara qədər insan ac qalır. Tibbi nöqteyi - nəzərdən də bu çox faydalıdır. Çünki səhər tezdən yuxudan durmaq və səhər yeməyi yemək insan orqanizmi üçün vacibdir.  Xüsusilə  də Ramazan ayında. Buna görə də imsak zamanı elə qidalar olmaldır ki, gün ərzində suya olan tələbatı azaltmış olsun. Misal üçün səhər menyusunda enerjili qidalara üstünlük verilməlidir. 


Həkim-dietoloq Ləman Süleymanova həmçinin onu da vurğulayıb ki, səhər yeməklərində tərəvəzlərin, süd məshullarının olması çox önəmlidir. Qidaların doğru şəkildə qəbulu nəticəsində insan gün ərzində gümrah olur və onun qidaya olan tələbatı təmin edilir.  Təbii ki, orucluğun ilk günlərində oruc tutmaqda müəyyən çətinliklər və diskomfort yaşayırlar.  Onu da nəzərə almalıyıq ki, bizim milli mentalitetimizdən irəli gələn mətbəximizin zənginliyi və bol çeşidli qidalara üstünlük verməyimiz əslində nə tibbi nə də dini baxımdan doğru deyil.  Dini cəhətdən Allah israfçılığı sevmir. Süfrə sadə olmalıdır. Su ilə xurmanın qəbulu da səbəbsiz deyil. Xurmanın tərkibində şəkər və bitki lifi var. Bundan sonra suyun içilməsi ilə də mədə - bağırsaqda rahatlıq yaranır. Gün ərzində şəkərsiz qalan bədən üçün birdən birə yağlı yemək olmaz. Əvvəlcə şəkərə olan tələbat ödənilməlidir.  Ümumiyyətlə insan  süfrədən yarımdoymuş halda qalxmalıdır.


Həkim həmçinin insanların oruc tutarkən bəzi yanlışlıqlarını da qeyd edib. Misal üçün o bildirib ki, bəzi şəxslər oruc tutarkən səhər ümumiyyətlə imsak etmir, yatır. Hətta bütün günü yatır. İftara az qalmış isə oyanır. Bol süfrə açır və həddən artıq yeyir. Bu isə artıq nə oruc tutmaq deyil nə də sağlamlıq üçün düzgün deyil. Tibbi cəhətdən səhər yeməyi bir daha qeyd edirəm ki, mütləqdir. Bir çox adamlar ümumiyyətlə səhər yeməyi yemir.  Statistikaya görə belə insanların 99 faizi mədə-bağırsaq xəstəliyi, şəkərli - diabet, arterial təzyiqdən əziyyət çəkirlər. Belə insanların tutduğu orucun nə dini baxımdan nə də tibbi baxımdan heç bir faydası yoxdur.  Bir ay boyunca belə qidalanma prosesi bəzi genetik xəstəliklərə də səbəb olur.  Yenə vurğulamaq istəyirəm ki, səhər yeməyindən əvvəl su içmək lazımdır.  Yüngül qidalardan istifadə şərtdir.  Meyvə şirələri və meyvə də əlavə olaraq qidalanma üçün əhəmiyyətlidir. Axşam da bir çeşid quru və bir çeşid isə sulu yemək və boyat çörəklə tərəvəzlər faydalıdır. Yarım saat sonra isə bitki çayının içilməsini tövsiyyə edirəm.


"Bir məqamı da mütləq vurğulayım ki, uşaqlara 15 yaşına qədər oruc tutulması qəti qadağandır. Çünki onların orqanizmləri çox həssasdır. Əslində 18 yaşına qədər isə oruc tutulması ümumiyyətlə məsləhət deyil. Hamilələrə və südvermə mərhələsində olanlara oruc tutmaq tövsiyyə olunmur. Bir mütəxəssis kimi deyirəm ki, bunlara mütləq diqqət etmək lazımdır.  Həmçinin şəkərli diabet, arterial təzyiqi olanlar, ürək damar xəstəliklərindən əziyyət çəkənlərə isə ümumiyyətlə oruc tutmaq qəti qadağandır", - deyə həkim - dietoloq əlavə edib.


Bünyamin Bünyadzadə

Referans