Yayın bəlası: Dənizdə boğulma halları niyə artır? 

cimerliklerde-bogulma-hallari-niye-artib-aciqlama-1692015089
|
|

Bu il çimərlik mövsümü başlayandan dənizdə boğulanların sayı xeyli artıb. Demək olar ki, hər gün mətbuatda və televiziyalarda, hətta sosial şəbəkələrdə boğulma, batma hadisələri barədə xəbər izləyirik. Dənizdə və su hövzələrində bədbəxt hadisələrin daha çox çimmək qadağan olunan, nəzarətsiz hissələrdə baş verməsi insanların öz həyatlarına qarşı məsuliyyətsizliyini sübut edir. Həmçinin çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin də sayı artıb.

 

Məsələ ilə bağlı Referans.az-a danışan  FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, polkovnik-leytenant Aqşin Əlili bildirib ki, boğulma və ölüm halları FHN-nin xilasetmə məntəqələrindən kifayət qədər uzaqda baş verir:

 

“Ümumiyyətlə, biz ölümlə nəticələnən suda boğulma hallarının baş verdiyi ərazilərə diqqət yetirsək, görərik ki, bu hadisələr nazirliyin xilasetmə məntəqələrindən kifayət qədər aralı məsafələrdə, nəzarətsiz çimərliklərdə, o cümlədən çimərlik kimi inşası nəzərdə tutulmayan suvarma kanallarında, çaylarda, göllərdə və bu kimi digər təhlükəli ərazilərdə baş verdiyinin şahidi oluruq. Qeyd etdiyim ərazilər mürəkkəb sualtı relyefə, sürətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması bu ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir. Biz bilirik ki, suvarma kanallarında betonlardan istifadə olunur və betonların su ilə təması nəticəsində orada müəyyən bir ot təbəqəsi əmələ gəlir ki, bu da orada sürüşkən bir təbəqənin yaranmasına səbəb olur. Hətta xilasedicilər ora tək düşəndə çıxa bilmir”.



 

FHN rəsmisi bildirib ki, nəzarətsiz ərazilərdə, yəni hansı ki, FHN olmayan ərazilərdə suyun altında anidən axınlar, qəfil dərinliklər olur. Onun sözlərinə görə, vətəndaşlar dənizdə olduğu zaman 1 metr dərinlik olan yerin bir neçə santimetrliyində dərinlik anidən 2 metrə çata bilər: “Üzə bilməyən adamlar isə həmin o çökəyə düşəndə oradan çıxa bilmir və boğulur. Buna görə də vətəndaşlar çimərlik seçərkən diqqətli olmalıdırlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə texnika və vasitələrinin mövcud deyilsə, bu həmin ərazidən istifadənin təhlükəli olduğunu bildirir. Xilasetmə işlərində saniyələrin önəmi vacibdir. Yəni xilasedicilərin boğulan adamın yanına çatmasına qədər görün o adam nə qədər su uda bilər.

 

Bundan əlavə uşaqların çimərlik ərazisində nəzarətsiz buraxılması halları ilə bağlı da müraciətlər artıb. Valideyinlər bildirir ki, uşaqları itib. Biz də bilmirik ki, uşaq dənizdə itib, yoxsa çimərlik ərazisində. Valideyinlər bu məsələdə diqqərli olmalıdırlar- deyə Aqşin Əlili qeyd edib.

 

Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Referans.az-a açıqlamasında bildirib ki, çimərliklərdə təhlükəsizlik məsələləri çox ciddi nəzarət olunmalı mövzulardan biridir:


“Hər il nə qədər insan çimərliklərdə boğularaq həyatlarını itirirlər. Buna görə də bütün dünyada bunla mübarizə aparılır. Yay aylarında havaların istiləşməsi ilə əlaqədar olaraq insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar. Çimərlik deyəndə sadəcə dənizlər ağıla gəlməsin. Bütün sututarları, su anbarları, çaylar, göllər, hovuzlar bunların hamısı suda boğulma hallarına səbəb olan yerlərdir. Çimərliklərə gedərkən diqqətli olmaq lazımdır və fəaliyyətinə icazə verilən çimərlikləri üstün tutmaq lazımdır”.


 


Ekspert bildirib ki, hər il dünyada 400 minə yaxın insan çimərlikdə boğularaq həyatını itirir. Onun sözlərinə görə, bunların 95 faizindən çoxu məhz qeyri-çimərlik ərazilərində baş verən boğulma hallarıdır: “Bu bir daha onu göstərir ki, qeyri-çimərlik ərazilərinə getmək insanların həyatı üçün təhlükəlidir. Bundan əlavə əlverişsiz hava şəraitində çimərliyə getmək də təhlükəlidir. Ümumi dünya üzrə çimərlikdə boğulanların 70 faizdən çoxu məhz əlverişsiz hava şəraitində çimərliyə gedənlərdir”.

 

Vətəndaşlar bəzən qayaların üzərində çimirlər və ya hər hansı dəmir konstruksiyaların üstünə çıxırlar. Axı bu istirahət deyil. Mütləq xilasedicilərin olduğu çimərliklərə getmək lazımdır. Hər gün kifayət qədər çox insan boğulmaq təhlükəsi ilə üz-üzə qalarkən xilasedicilər tərəfindən xilas edilir. Bu şərtlərə əməl olunarsa, hər hansısa bir problem yaranmaz – deyə Elmar Nurəliyev qeyd edib.


Aqil Qarayev