Evini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ – Kirayə qalanı evdən necə çıxarmaq olar?

evini-muqavilesiz-kiraye-verenlerin-diqqetine-kiraye-qalani-evden-nece-cixarmaq-olar-1694602597
|
|

Azərbaycanda tez-tez problemlərin yaşandığı sahələrdən biri də kirayə mənzillərlə bağlıdır. Adətən, mənzilini kirayə verən şəxslə kirayə qalan şəxslər arasında anlaşılmazlıqlar mənzilin təmirinə etinasızlıq, aylıq ödənişlərin gecikməsi və komunal ödənişlərlə bağlı olur. Bəs görəsən belə olduqda, kirayə verən şəxslər hansı hüquqlara malikdirlər? Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a danışıb.

 

 

“Kirayə verən şəxslə, kirayə götürən şəxs arasında notarial qaydada təsdiqlənmiş mübadilə münasibətləri mövcud deyildir və nəticə etibarı ilə daha çox kirayə verənlər bununla bağlı həyəcan keçirirlər. Bu həyəcanı önləmək üçün zaman-zaman tövsiyə etmişəm ki, mütləq qaydada notarial müqavilə bağlamaqla münasibətlərini rəsmiləşdirsinlər. Əlbəttə ki, kirayə götürən şəxs istifadə etdiyi kommunal xidmətlərə görə ödənişləri icra etməlidir. Əgər icra etmədikdə, təbii ki, mülkiyyətçinin ona vurulmuş zərərlə bağlı şəxsi məhkəməyə vermək və məhkəmə qaydasında tələb etmək hüququ vardır. Tərəflər arasında faktiki müqavilə münasibətləri mövcuddursa və bu notarial qaydada bağlanmamış olsa belə, şəxsin tam hüququ var ki, kirayə yaşayan şəxslərə mənzili boşaltmaq barədə bildiriş təqdim etsin. Bundan sonra onların həmin mənzildən çıxarılması tələb olunsun. Əgər kirayə yaşayan şəxslər mənzildən çıxmazlarsa və yaşamağa davam edərlərsə o zaman şəxs əmlakın yerləşdiyi yer üzrə məhkəməyə müraciət edir. Bu zaman kirayədə yaşayan şəxsin və ailə üzvlərinin həmin əmlakdan çıxarılması və ona dəymiş zərərin, ödənilməyən aylara görə kirayə haqqının ödənilməsi tələb oluna bilər. Nəticə etibarı ilə belə hallarda polisə müraciət etmək mənasızdır və polis sadəcə olaraq məsələ ilə tanış olduqdan sonra məsələnin mülki qaydada həll olunmasına dair şəxsə məktub göndəriləcək və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunacaq. Ancaq tərəflər arasında gərginlik varsa və kirayəçi çıxmaqla bağlı müddət istəyərsə, hər hansı bir aqressiv halların olmaması üçün əraziyə cavabdeh olan sahə müvəkkilinə müraciət edə bilər”.

 

Nazim Hacıyev