Boşanmadan öncə bunları bilmək MÜTLƏQDİR – Əmlaklar və pullar...

Bu gün məhkəmələrdə
araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri
ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində
aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət
hüquqlarının pozulduğu iddia olunur. Bəs qanunvericilik boşanma zamanı və yaxud
boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir? Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov
Referans.az-a danışıb.
“Ər və arvadın birgə mülkiyyəti dedikdə, nigah
pozulana qədər əldə etdikləri əmlaklar nəzərdə tutulur. Bura daşınar və
daşınmaz əmlaklar aiddir. Əgər ər və arvad nigaha girməzdən öncə və ya nigah
dövründə nigah müqaviləsi bağlamış olarlarsa, həmin müqavilədə onların əmlakları
ilə bağlı rejim müəyyən edilibsə, müqavilədəki müddəalar əsas götürülməklə
onlar tətbiq olunur və orada qeyd olunan əmlaklar evli olan şəxslərin adına necə
razılaşılıbsa o qaydada rəsmiləşdirilir. Birgə nigah dövründə və ya nigahdan
öncə ərə və ya arvadın hər hansısa birinə bağışlama yolu ilə, o cümlədən, vərəsəlik
qaydasında keçən əmlaklar nigah pozulduqdan sonra bölünmənin predimeti ola bilməz.
Ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə əmlakı hesab olunur.
Bura işlədiyi dövr ərzində əldə olunmuş sahibkarlıq və intellektual fəaliyyət nəticəsində
rəsm əsəri çəkməsi, musiqi bəstələməsi və ya roman yazması müqabilində əldə
olunmuş gəliri, pensiyası, müavinəti, əldə olunmasından asılı olmayaraq əmanətlər,
kapitalda olan paylar aiddir. Bunlar ümumi birgə mülkiyyət hesab olunur. Qeyd
edim ki, ər və arvadın birgə nigah dövründə əldə etdikləri borclar onların
payına görə qaytarılması müəyyən oluna bilər. Məsələn, ər və arvad evli olduğu
zaman bankdan 2000 manat kredit götürübsə, nigah pozulduqda onlar həmin borcun
yerdə qalan hissəsini bərabər hissələrə bölünməklə məhkəmə qərarında müəyyən olunmuş
paylara uyğun geri qaytarılmasını tətbiq edə bilərlər”.
Nazim Hacıyev