Yeni qanun layihəsi QƏBUL OLUNDU - Nələr DƏYİŞİR?

yeni-qanun-layihesi-qebul-olundu-neler-deyisir-1696316218
|
|

Uzun müddət müzakirə edilən Rəqabət Məcəlləsi” layihəsi oktyabrın 2-də Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, sənəd rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir.


Bəs bu məcəllə nələri dəyişəcək?


Məsələ ilə bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referams.az-a bildirib ki, iqtisadiyyatda rəqabətin tam formalaşması, haqsız rəqabətin aradan qaldırılması üçün bu məcəllə mühüm rol oynayacaq:


“Rəqabət Məcəlləsi dünənki iclasda birinci oxunuşda qəbul olundu. İndi bizim müəyyən təkliflərimiz var. İkinci oxunuşda o təklifləri səsləndirəcəyik. Amma bu məcəllənin qəbul edilməsi çox vacib idi. Məcəllə hazırda süni qiymət artımına qarşı müəyyən addımların atılmasına, həm azad rəqabətin təmin edilməsinə, həm də müəyyən qədərf inhisarçılığın qarşısının alınması istiqamətində atılan bir məcəllədir”.


Deputat qeyd edib ki, “Rəqabət Məcəlləsi” bazarda kiçik və orta sahibkarlığın inkişafı, ümumiyyətlə, sahibkar subyektinin daha da şəffaflaşması üçün qəbul olunan bir məcəllədir. Onun sözlərinə görə,  bu məcəllənin qəbul edilməsi Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.


İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Rəqabət Məcəlləsi Mülki və Vergi Məcəlləsi kimi əhəmiyyətli məcəllədir:


“İqtisadiyyat Nazirliyi həmin məcəllə ilə ciddi məşğul olmalıdır. Buna qədər də antinhisar haqqında qanunlar var idi. İndi bu qanunları birləşdirib, məcəllə halına salıb müasirləşdiriblər. Yəni birmənalı olaraq yaxşılaşdırıblar. Digər qanunlar 90-cı illərdə qəbul olunduğuna görə həm bir az sürətli, həm də artıq dövrün keçirdiyinə görə etibarın itirmişdi. İqtisadiyyat Nazirliyi də demək olar ki, bu qanunları tətbiq etmirdi. Yəqin gedişatda qanun təkmilləşdiriləcək, çünki ikinci, üçüncü oxunuşları var”.


İqtisadçının sözlərinə görə, məcəllədə bir neçə narahatlıq doğuran məsələlər də var. Onun sözlərinə görə, Milli Məclisdə yenidən müzakirə olunduqda ikinci və üçüncü oxunuşlar zamanı bunlara düzəliş edilə bilər: “Birincisi rəqabət orqanının müstəqilliyi məsələsi, çünki qanunda rəqabət orqanından danışılır və bu orqana çox böyük səlahiyyətlər verilir. Yəni burada peşəkarlıq, müstəqillik, obyektivlik, qərəssizlik nümayiş etdirilməsində qanunun effektivliyi çox asılıdır. Məmurlar bu qanunu ürəkləri istədiyi kimi tətbiq etsələr, əksinə bu qanun iqtisadiyyata ziyan vura bilər. Amma rəqabət orqanı kifayət qədər yaxşı fəaliyyət göstərsə, qanun düzgün istiqamətdə olacaq. Bunun kimi bir sıra məsələlər var ki, onlar həll olunmalıdır”.


Amma ümumi şəkildə məcəllənin qəbul edilməsi müsbətdir. Yəqin ki, bəzi məsələlər ikinci-üçüncü oxunuşda bu məqamlar nəzərə alınıb təkmilləşdiriləcək – deyə Xalid Kərimli əlavə edib.