Yeni qanun layihəsi QƏBUL OLUNDU - Nələr DƏYİŞİR?

Uzun müddət
müzakirə edilən Rəqabət Məcəlləsi” layihəsi oktyabrın 2-də Milli Məclisin payız
sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət
Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul
edilib.
İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına
görə, sənəd rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin
səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və
onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti
məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü
üçün meyarları müəyyən edir.
Bəs bu məcəllə
nələri dəyişəcək?
Məsələ ilə
bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vahid Əhmədov Referams.az-a bildirib ki, iqtisadiyyatda rəqabətin tam
formalaşması, haqsız rəqabətin aradan qaldırılması üçün bu məcəllə mühüm rol
oynayacaq:
“Rəqabət Məcəlləsi
dünənki iclasda birinci oxunuşda qəbul olundu. İndi bizim müəyyən təkliflərimiz
var. İkinci oxunuşda o təklifləri səsləndirəcəyik. Amma bu məcəllənin qəbul
edilməsi çox vacib idi. Məcəllə hazırda süni qiymət artımına qarşı müəyyən
addımların atılmasına, həm azad rəqabətin təmin edilməsinə, həm də müəyyən qədərf
inhisarçılığın qarşısının alınması istiqamətində atılan bir məcəllədir”.
Deputat qeyd
edib ki, “Rəqabət Məcəlləsi” bazarda kiçik və orta sahibkarlığın inkişafı,
ümumiyyətlə, sahibkar subyektinin daha da şəffaflaşması üçün qəbul olunan bir məcəllədir.
Onun sözlərinə görə, bu məcəllənin qəbul
edilməsi Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.
İqtisadçı
ekspert Xalid Kərimli bildirib ki, Rəqabət Məcəlləsi Mülki və Vergi Məcəlləsi
kimi əhəmiyyətli məcəllədir:
“İqtisadiyyat
Nazirliyi həmin məcəllə ilə ciddi məşğul olmalıdır. Buna qədər də antinhisar
haqqında qanunlar var idi. İndi bu qanunları birləşdirib, məcəllə halına salıb
müasirləşdiriblər. Yəni birmənalı olaraq yaxşılaşdırıblar. Digər qanunlar 90-cı
illərdə qəbul olunduğuna görə həm bir az sürətli, həm də artıq dövrün keçirdiyinə
görə etibarın itirmişdi. İqtisadiyyat Nazirliyi də demək olar ki, bu qanunları
tətbiq etmirdi. Yəqin gedişatda qanun təkmilləşdiriləcək, çünki ikinci, üçüncü
oxunuşları var”.
İqtisadçının
sözlərinə görə, məcəllədə bir neçə narahatlıq doğuran məsələlər də var. Onun sözlərinə
görə, Milli Məclisdə yenidən müzakirə olunduqda ikinci və üçüncü oxunuşlar
zamanı bunlara düzəliş edilə bilər: “Birincisi rəqabət orqanının müstəqilliyi məsələsi,
çünki qanunda rəqabət orqanından danışılır və bu orqana çox böyük səlahiyyətlər
verilir. Yəni burada peşəkarlıq, müstəqillik, obyektivlik, qərəssizlik nümayiş
etdirilməsində qanunun effektivliyi çox asılıdır. Məmurlar bu qanunu ürəkləri
istədiyi kimi tətbiq etsələr, əksinə bu qanun iqtisadiyyata ziyan vura bilər. Amma
rəqabət orqanı kifayət qədər yaxşı fəaliyyət göstərsə, qanun düzgün istiqamətdə
olacaq. Bunun kimi bir sıra məsələlər var ki, onlar həll olunmalıdır”.
Amma ümumi şəkildə
məcəllənin qəbul edilməsi müsbətdir. Yəqin ki, bəzi məsələlər ikinci-üçüncü
oxunuşda bu məqamlar nəzərə alınıb təkmilləşdiriləcək – deyə Xalid Kərimli əlavə
edib.